“Müasir dövrdə bankların fəaliyyətinin düzgün qurulması ölkə iqtisadiyyatının sürətli inkişafında az rol oynamır. 70-ci illərin ortalarına qədər maliyyə sistemlərinin beynəlmiləşdirilməsinə demək olar ki, yol verilmirdi. Bu sahədə atılan ilk addımların uğurlu nəticələri ölkələr arasında kapitalın hərəkətinin yeni və daha geniş mərhələsinin başlanğıcını qoydu. Xarici bankların ayrı-ayrı ölkələrdə, xüsusən inkişaf etmək yoluna qədəm qoymuş ölkələrdə fəaliyyətə başlaması çox böyük maraq kəsb etdi”.
Bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Dünya Bankının (DB)Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojinanın “Qərb bankları Azərbaycana gəlsin” çağırışını şərh edərkən deyib.
Qeyd edək ki, Mərkəzi Bankının sədri Elman Rüstəmov da A.Priqojinanın bu təklifinə müsbət qiymət verib. “Azərbaycanın bank bazarına strateji qərb investorlarının daxil olmasını hər vasitə ilə dəstəklədiklərini eşitmək bizə xoşdur. Çünki, onlar özləri ilə yeni texnologiya, təcrübə gətirə və resurslar cəlb edə bilərlər. Başqa sözlə, Azərbaycan bazarına bir neçə nüfuzlu beynəlxalq maliyyə qrupu daxil olsa, bu, ölkənin maliyyə bazarının cəlbediciliyi və sabitliyinin artmasına imkan yaradacaq” – deyə, E.Rüstəmov bildirib.
BİAB sədri F.Yusifov məsələyə münasibət bildirərkən DB rəsmisi tərəfindən səsləndirilmiş təklifin reallaşacağı təqdirdə Azərbaycanın bank sistemində müsbət dəyişikliklərin yarana biləcəyini deyib: “Bankların fəaliyyətinin əsasında bütün iqtisadi agentlərin – əhalinin, 
F.Yusifovun sözlərinə görə, xarici kapitalın bank sistemində iştirakı ölkənin və eyni zamanda yerli bankların beynəlxalq reytinqinin yüksəlməsinə ciddi təsir edir, yerli bankların beynəlxalq maliyyə bazarlarında daha ucuz resurslar cəlb etməsinə şərait yaradır və bu da son nəticədə ölkə daxilində kreditlərin faizlərinin aşağı salınmasına imkan verir: “Ümumilikdə isə xarici bankların gəlişi ilə ölkə iqtisadiyyatına kapital qoyuluşu təklifi artır, bank sistemi özünün rəqabət əsaslı inkişafına nail olur, müştərilərə göstərilən xidmətlərin keyfiyyəti yüksəlir, xidmət haqları aşağı düşür və bank kreditlərinin faizləri tam optimallaşdırılır”.
F.Yusifov hesab edir ki, xarici bankların ölkəyə gəlməsinin yalnız bir mənfi tərəfi var: “Bunun yeganə mənfi tərəfi ondan ibarət ola bilər ki, bu bankların səhmdarlarının korporativ maraqları Azərbaycan hökumətinin iqtisadi maraqları ilə bir o qədər uzlaşmasın. Bu məsələnin həlli isə Mərkəzi Bankın xarici banklarla apardığı işin düzgün təşkilindən bilavasitə asılıdır”.







