8 C
Baku
Monday, November 18, 2024

Ekspert: ”Yaşayış evlərinin icbari sığortası ləğv edilməlidir”

Məlum olduğu kimi, iyun ayının 1-dən yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək.
Ekspert Samir Əliyev deyir ki, əslində daşınmaz əmlakın məcburən sığortalanması tələbi qanunvericilikdə çoxdan nəzərdə tutulub. 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Qanunun 35.2-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binaların, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. 2015-ci ildə qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində qeyd edilir ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat cərimə edilir. Qanuna 2016-cı ildə edilmiş əlavəyə görə cərimə edilmiş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Ancaq 20 gündən sonra təkrarən cərimə tətbiq oluna bilər.
2019-cu ildə bu məsələ gündəmə gələndə cəmiyyətin buna göstərdiyi münasibətə görə sığorta şirkətləri geri çəkilməyə məcbur oldu.
Qeyd edək ki, yaşayış evlərinin icbari sığortası heç də bütün ölkələrdə tətbiq edilmir. Əksər ölkələrdə əmlakın sığortası könüllüdür.
Azərbaycan Respublikası Konstitusiyasının 29.3-cü maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İndiki halda mülkiyyətçinin əvəzindən dövlət qərar verərək onu sığortaya məcbur edir. Bunun avtomobillərin icbari sığortası ilə qarışdırmaq düz deyil. Çünki avtomobillərin icbari sığortası üçüncü şəxs qarşısında tətbiq edilir. Mənzillərin sığortası isə mülkiyyətçinin öz zərərini minimuma endirmək üçün atılan addımdır. Bunun məcbur edilməsi mülkiyyətçinin seçim hüququnu pozmaqdır.
Bundan əlavə görünür ki, cərimə mexanizmi işləməyəcək. Çünki yerli vergilərdə olduğu kimi cərimənin əhalidən alınması üçün təsir rıçaqları yoxdur. Kommunal xidmətlər ödənilməyəndə onların verilməsi dayandırılır, dövlət vergisi verilməyəndə sahibkarın bank hesabı bloklanır, avtomobillər icbari sığortalanmayanda sürücü avtomobili itirmək riski ilə üzləşir. Bəs ev məsələsində necə olacaq? Ev mülkiyyətçinin əlindən alınacaq? Ona görə də, hökumət yaşayış evlərinin icbari sığortası qərarını ləğv etməlidir, könüllü sığortalanma mexanizminə keçməlidir. Sığorta siyasəti maarifləndirmə üzərində qurulmalıdır. Əks halda sığorta məhsullarının icbari xarakter daşıması əhali üçün ən yaxşı halda işləməyəcək, ən pis halda isə sosial gərginlik yaradacaq.
Bütün bunlarla yanaşı, elə ərazilər (evlər bir-birinin içində) və evlər (tikinti normalarına cavab vermir) var ki, sığorta şirkətləri üçün cəlbedici deyil, yəni heç bir şirkət maraqlı olmayacaq onlarla müqavilə imzalasın.
Son xəbərlər
Digər xəbərlər