9 C
Baku
Friday, December 13, 2024

Ekspert: “Yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil

Azərbaycanda internet provayderlər, o cümlədən dövlət provayderləri internet tariflərini 40% qaldırmaq istəyir.

Banker.az xəbər verir ki, iki dövlət şirkəti “Aztelekom” və “Baktelekom” şirkətləri öz səhifələrində məlumat yayaraq bildiriblər ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq tarif paketlərində sürəti 2.5 dəfə artıracaq və bu, tariflərə də təsir edəcək.

Görəsən “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi doğru yanaşmadırmı?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz buna dair açıqlamasında bildirir ki, yenə manipulyasiyalar, yenə provayderlərin bu məntiqsiz addımlarının doğru olmasını öncədən əsaslandıranların “haray-həşiri bürüyüb aləmi”.

“Görünən odur ki, dövlət və özəl provayderlər sanki bir yarışa girməklə, sanki bir separat sövdələşmə etməklə internetin sürətini və qiymətini gələn aydan birdən-birə 40% qaldırmaq istəyirlər”.

Hazırda minimal qiymət 18 manat müəyyən olunub və bu ödənişlə vətəndaş 40 Mbit/s sürət əldə edə bilir.

İndiki təkliflə isə minimal 100 Mb/s üçün qiymət 25 manat olacaq.

Şirkətin açıqlamasında qeyd edilir ki, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürəti 100 Mbit/s-yə, 60 Mbit/s internet sürəti 150 Mbit/s-yə, 100 Mbit/s sürəti isə 250 Mbit/s-yə qədər) artırılacaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək.

Osman Gündüz bildirir ki, internet provayderləri, o cümlədən dövlət provayderləri də “bir anda varlanmaq xətti götürüblər”.

“Baxırlar ki, hamı ölkədə qiymətləri qaldırır, düşünüblər ki onlar niyə etməməlidirlər”

Ekspertə görə, “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil.

“Xüsusən də regionlar üçün. Düşünürəm ki, hamı üçün minimal sürəti 100 Mbit/s  etməklə hansıa beynəlxalq reytinqlərdə yüksək yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir”, – deyə o bildirir.

Osman Gündüz vurğulayır ki, Azərbaycanda rəsmi rəqəmlərə görə, əhalinin yarısı kənd əhalisidir: “Bu, birmənalıdır. Belə olan halda hamı üçün minimal sürəti 100Mbit/s etmək görəsən kimin ağlına gəlib?

İndi mən sual edirəm hökumətə, kənddə yaşayan, sahibkarlıqla məşğul olmayan, VÖEN-i olmayan, min cür əziyyətlə çörəkpulu – gündəlik ruzisini qazanan, yalnız övladı ilə internet üzərindən əlaqə saxlayan, yalnız hansısa bir onlayn xidmətlərdən yararlanan, hansısa bir təhsil və ya digər dövlət xidməti alan bir vətəndaşımızın 100 Mbit/s sürətə ehtiyacı varmı?

Bu vətəndaşlarımız hara sərf edəcək bu sürəti? Nə üçün biz zorla ona zəruri olmayan bu sürəti verib min əziyyətlə qazandığına şərik olmalıyıq?

Qiymət siyasəti elə qurulmalıdır ki, hamı üçün ehtiyacına uyğun olaraq əlçatan olsun”.

Osman Gündüz dövlət provayderlərinin bu tip addımlarını “ümumiyyətlə ağlasığmaz” adlandırıb.

“Provayder ona görə hələlik “dövlət provayderi”dir ki, məhz vətəndaşın tələbatına və  gələcək inkişafına zəruri olan internetə əlçatanlığı olsun.

Bir yandan rəqəmsal transformasiya deyirik, rəqəmsal xidmətlər yaradırıq, rəqəmsal savadlılığı artırırıq, digər tərəfdən də bunun üçün əsas ola biləcək vasitənin əlçatanlığını məhdudlaşdırırıq.

Son 3 ildə RİNN bütün ölkə boyu ildırım sürətli bir internetləşmə siyasəti apara bilib. On illər ərzində reallaşa bilməyən reallaşıb. Ölkədə nəhəng bir internet şəbəkəsi, həm də dövlətə məxsus olan bir şəbəkə formalaşıb. Bütün ölkə boyu keyfiyyətli internətə əlçatanlıq 92%-ə çatıb. Bu, çox böyük bir uğurdur. Amma buna kölgə sala biləcək addımlara yol vermək doğru olmazdı.

İndi dövlətə məxsus olan bu internet şəbəkəsinin sahibi elə siyasət qurmalıdır ki, istifadə və qiymətlər hamı üçün əlçatan olsun”, – deyə Osman Gündüz qeyd edir.

Xatırladaq ki, iki dövlət şirkəti 15 avqust 2024-cü il tarixindən etibarən dəyişikliklər tətbiq ediləcəyini elan ediblər.

Son xəbərlər
Digər xəbərlər