“China Daily” nəşri birja analitikləri arasında aparılan sorğuya istinadən yazır ki, 2026-cı ildə Çin şirkətlərinin səhmləri bahalaşacaq, ilin əvvəlində isə qiymət dalğalanmaları mümkündür. Ticarətin ilk günündə sığorta şirkətlərinin səhmləri 6,72% bahalaşıb, iri şirkətlərin (blue chip) səhmləri isə 4,18% artım göstərib.
Ekspertlərin “China Galaxy Securities”ə verdiyi məlumata görə, Yeni il tətili dövründə Honkonq birjasında ralli müşahidə olunub. Bu ralli valyuta bazarında yuanın son dövrlərdə möhkəmlənməsi ilə birlikdə investorların etimadını artırıb.
“CITIC Securities” analitiki Tsyu Syan bildirib ki, ötən il “A” sinifli səhmlər bazarında formalaşan artım tendensiyası bu il də davam edəcək, lakin başlanğıc mərhələdə müəyyən dalğalanmalar mümkündür.
“China Daily” yazır ki, bu il üçün nikbin gözləntilər əsasən Çinin texnoloji sahədə müstəqil inkişaf kursu və iqtisadi artımla bağlıdır. Belə ki, “Founder Securities” analitiklərinin fikrincə, səhmlərin bahalaşmasına kommersiya kosmik uçuşları, süni intellekt, neyrokompüter interfeysi və nüvə sintezi sahələrində əldə olunacaq irəliləyişlər təkan verə bilər.
“Goldman Sachs”ın Çin üzrə fond bazarı baş strateqi Kinqer Lau və onun komandası dekabrın sonunda dərc etdikləri hesabatda əvvəlki mövqelərini təsdiqləyiblər: Çinin əsas fond indeksləri 2027-ci ilin sonunadək 38% arta bilər və şirkətlərin gəlirliliyinin yüksəlməsi artımın əsas amili olacaq.






