Ekvatorial Qvineyanın hazırkı Prezidenti, 43 ildir fasiləsiz olaraq vəzifədə olan Teodoro Obianq Ngeme Mbasoqo noyabrda keçiriləcək prezident seçkilərində namizəd olacaq.
Bu barədə dövlət başçısının oğlu olan vitse-prezident Teodoro Ngeme Obianq Mange tviterdə yazıb.
“Onun xarizmasına, liderliyinə və siyasi təcrübəsinə görə hakim partiya yekdilliklə Teodoro Obianq Ngeme Mbasoqonu prezident seçkilərində təmsil etmək üçün namizəd kimi seçib”, – vitse-prezident tviterdə qeyd edib.
Qeyd edək ki, Ekvatorial Qvineya parlamenti iki həftə əvvəl prezident seçkilərinin 2023-cü ildən bu ilin noyabrına keçirilməsinə səs verib. Deputatların qərarı dövlət vəsaitinə qənaət etmək üçün prezident seçkilərinin parlament və yerli özünüidarə seçkiləri ilə birləşdirmək məqsədilə qəbul edilib. Bu seçkilərin konkret gününü seçki komissiyası müəyyən etməlidir.
Ölkə konstitusiyası 80 yaşlı Teodoro Obianq Ngeme Mbasoqonun növbəti və altıncı dəfə seçilməsinə icazə verir. O, 1979-cu ilin yayından dövlət başçısıdır.