Elə şirkətlər var ki, həmin şirkətin müştəriləri şirkət işçisindən çox bilir

Müsahibimiz Standard Capital MMC-in qiymətli kağızlar üzrə baş mütəxəssisi Məzahim Əlibəyli

Məzahim bəy, Azərbaycanın Forex bazarını necə qiymətləndirərdiniz? 2000-ci illərin əvvəllərində qeyri-qanuni kontorların sayı hədsiz çox idi – hazırda leqal kontorların sayı daha çoxdur və əlavə olaraq bu bazara daha güclü oyunçular olan banklar daxil olub.

Bu, bazarda hansı yerdəyişmələrə gətirib çıxarıb?

– Bilirsiniz, bizim vətəndaşların bu sahədə biliyi məni qənaətləndirəcək səviyyədə deyil, çox aşağıdır. Ona görə də biz təlimlər təşkil edib bizə müraciət edənlərin maarifləndirilməsi ilə məşğuluq. O ki qaldı qeyri-qanuni kontorlara, indi də saf işləməyən şirkətlər çoxdur. Sadəcə araşdırıb saf işləyən brokerdə hesab açmaq lazımdır və təbii ki, “bank” sözü müştərilərin inamını daha çox qazanıb nəinki qarşısında “forex” sözü olan bir şirkət.

Bakıda çoxlu sayda savadlı insan Forex-ə maraq göstərir – amma risk edib bu işə girə bilmirlər. Belə insanlara nə tövsiyə edərdiniz?

-Təbii ki, risk böyükdür. Xüsusi ilə də yeni başlayanlar üçün. Mən həmişə məsləhət görmüşəm ki, real hesab açmazdan öncə demo hesab (test üçün yalançı hesab) açıb virtual pullarla işləsinlər. Ancaq bir şey nəzərə alınmalıdır ki, demo hesabda qazanmaq real hesabda da qazanacağınıza zəmanət vermir. Çünki, həmin şəxslərin çoxu pulların virtual olduğunu görüb ona real kimi yanaşmır və tam məsuliyyətsiz şəkildə əməliyyatlar aparır. Digər məsləhətim isə odur ki, demo hesabı real hesab zənn edərək, hər açılan əməliyyata məsuliyyətlə yanaşsınlar.

Əgər bundan sonra qazanc görürlərsə real hesab açıb qazanmaq olar. Və təbii ki, ən sadəsi pullarınızı bu işi bacarana tapşırmaqdır. Əslində bu elə də sadə deyil çünki, professional tapmaq bir az vaxt ala bilər. Xaricdə olduğu kimi bizim professional treyderlər də PAMM hesablarda qeydiyyatdan keçiblər. İstənilən şəxs treyderin əməliyyatlarının tarixçəsinə baxıb uyğun birini seçə bilər.

Azərbaycanda fond bazarlarının, xarici şirkət səhmlərinin alınması və satılması prosesinin perspektivlərini necə qiymətləndirirsiniz?

-Bu sahə ilə məşğul olanlar çox azdır. Problem isə maarifləndirmə və təbii ki, müvafiq xidmətləri təklif edən şirkətlərin yox dərəcəsində olmasıdır. Respublikamızda yeganə Bank Standarddır ki, hansı ki, 14 000-dən çox şirkətin səhmləri ilə ticarət təklif edir.

Forex-lə məşğul olan insana hansı kitabı tövsiyə edərdiniz, sizin fikrinizcə bu işin birinci addımı hansı kitabdan və ya hansı mərhələdən başlamalıdır?

-Bu işə yeni başlayanlar gərək əllərinə keçən hər bir kitabı oxusunlar. Lazımı bilik və təcrübə yığandan sonra təbii ki, əməliyyat açanda psixoloji problemlər meydana çıxır- qorxu, özünəinamsızlıq, acgözlük və s. Belə halda təbii ki, ixtisasca psixoloq olan Bill Vilyamsın kitablarını məsləhət görərdim. Çox kömək olacaq.

Əgər müştəri aspektindən yanaşsaq Azərbaycanda yerləşən Forex şirkətlərinin ən böyük və ən geniş yayılmış problemi hansıdır?

-Xidmət və ən əsası ticarət şərtləri. Elə şirkətlər var ki, həmin şirkətin müştəriləri şirkət işçisindən çox bilir. Digər tərəfdən ticarət şərtləri. Bəzi şirkətlər treyderlərə skalpinq, hec və s. əməliyyatlar aparmağa imkan vermirlər bu isə təbii ki, şirkətin saf işləməməsinin sübutudur.

Sonda hər bir kəsə uğurlu investisiyalar yatırmağı arzu edirəm.

Təşəkkür edirik!


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.