Azərbaycan iqtisadiyyatında yeni mərhələ hesab edilən Ələt Azad İqtisadi Zonasının fəaliyyətində mühüm irəliləyişlər əldə edilir. Artıq investorların marağını cəlb edən Azad İqtisadi Zonada tikinti işləri sürətlə həyata keçirilir, bir çox xarici ölkədə təşviqat tədbirləri təşkil edilir, beynəlxalq sərgilərdə əcnəbi şirkətlərə məlumatlar verilir. Bəs Ələt Azad İqtisadi Zonasının digər azad zonalardan fərqi nədir? Azərbaycan iqtisadiyyatına təsirləri necə olacaq?
Bu sualları Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov cavablandırıb.
– İlk sualımız ondan ibarətdir ki, Ələt Azad İqtisadi Zonasının digər ölkələrdəki oxşar zonalardan hansı unikal üstünlükləri və xüsusiyyətləri olacaq?
– İlk olaraq qeyd etməliyəm ki, Ələt Azad İqtisadi Zonası yaradılarkən, təbii ki, digər ölkələrdə fəaliyyət göstərən həm uğurlu, həm də uğursuz azad zonaların təcrübəsi detallı şəkildə öyrənildi və təhlil edildi. Araşdırılan iqtisadi zonalar arasında vaxtı ilə Avropanın ən kasıb ölkələrindən biri olan İrlandiyada yaradılan Şennon Azad İqtisadi Zonası da yer alırdı. Sözügedən azad zonada tətbiq edilən idarəetmə prinsipi, investorlara yanaşma və.s digər azad zonalardan olduqca fərqlənirdi, belə ki, burada aparılan düzgün siyasət ölkə iqtisadiyyatının yüksək sürətlə inkişafına böyük təkan verdi. Əgər 1960-cı ildə İrlandiyada adambaşına düşən ümumi daxili məhsul 2020-ci ilin məzənnəsi ilə 685 ABŞ dolları idisə, Şennon Azad İqtisadi Zonasının uğurlu idarəetmə sisteminin bütün ölkə ərazisində tətbiqi nəticəsində ÜDM 2020-ci ildə 100 min ABŞ dollarından artıq olub. 2022-ci ildə isə İrlandiyanın illik ixracı 213 milyard ABŞ dollarını ötdü ki, bu göstəricinin 85 %-dən artığı yüksək əlavə dəyərli sənaye məhsullarının payına düşürdü. Ərazisi 70 min km², əhalisi 5 milyon olan İrlandiyanın ixrac edilə bilən heç bir təbii ehtiyatı, yəni nefti, qazı, qızılı, kömürü yoxdur. Ancaq, əvvəl də qeyd etdiyim kimi, Şennon Azad İqtisadi Zonasında həyata keçirilən idarəetmə üsulu bütün ölkə ərazisində tətbiq edilərək, ölkə iqtisadiyyatının həm texnoloji, həm iqtisadi, həm də sənaye tərəfdən sürətli inkişafını təmin etdi.
Bu gün İrlandiyanın hər bir bölgəsində yerli və xarici investorlara eyni şəkildə bütün vergi, gömrük ödəmələri tətbiq edilir, lakin buna baxmayaraq, İrlandiya əcnəbi sərmayəçilər üçün ən cəlbedici ölkələrdən biri olaraq qalır. Bunun başlıca səbəbi düzgün idarəetmə sisteminin mövcud olması, investorlara öncədən lazımi infrastrukturla təmin edilmiş torpaq sahələrinin təqdim edilməsi və bu kimi digər vacib amillərdir. Əlavə olaraq, bir pəncərə sisteminin tətbiq edilməsi investorun qeydiyyat və digər sənədləşmə prosesini yüngülləşdirir, belə ki, bütün bu məsələlər bir nöqtədən aparılır və artıq heç bir dövlət qurumuna müraciət etməyə ehtiyac qalmır. Bütün sadalanan amillər investorları cəlb etmək üçün gözəl imkanlardır və bu səbəbdən İrlandiya bu gün dünyanın ən inkişaf etmiş ölkələrindən biridir.
Artıq 1965-ci ildən başlayaraq, İrlandiyanın bu uğurlu təcrübəsi Sinqapurda və digər ölkələrdə tətbiq edildi. Məsələn, Sinqapurda sözügedən təcrübəyə əsaslanaraq yaradılmış azad zonanın idarəetməsini təmin etmək məqsədilə müstəqil şəkildə fəaliyyət göstərən və heç bir dövlət orqanından asılı olmayan xüsusi qurum yaradıldı. Bu dövrdə Sinqapur dünyada ən kasıb ölkələrdən biri idi. Sinqapurun Baş naziri Li Kuan Yunun (Lee Kuan Yew) “Üçüncü dünyadan birinci dünyaya” kitabında da bəhs edildiyi kimi, öncədən hazırlanmış süni adada yaradılan azad zona ölkə iqtisadiyyatında böyük irəliləyişlərə gətirib çıxardı və nəticədə, Sinqapur dünyanın ən inkişaf etmiş iqtisadiyyatına malik ölkələrindən birinə çevrildi. İrlandiya təcrübəsində olduğu kimi, Sinqapurda da investorlara hazır infrastruktura malik sənaye torpaq sahələri təklif olunurdu, bu isə öz növbəsində, öncə də qeyd etdiyim kimi, investor üçün fərqli və cəlbedici təklifdir.
Ələt Azad İqtisadi Zonası da məhz bu prinsip əsasında yaradılıb. Azad zonanın fəaliyyətini tənzimləmək və sözügedən prinsipi səmərəli şəkildə tətbiq etmək üçün tərəfimizdən cəlb edilmiş xarici məsləhətçilər vaxtilə Şennon Azad İqtisadi Zonasında 30-35 il çalışmış şəxslərdir. Onların da təcrübəsi bir daha sübut edir ki, vergilərdən və gömrük rüsumlarından azadolma investoru cəlb etmək üçün yetərli deyil, istifadəyə hazır torpaq sahələrinin olması da çox mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən, Ələt Azad İqtisadi Zonası yaradılarkən, hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş torpaq sahələrinin təmin edilməsi bizim üçün ən vacib məqamlardan biri idi.
Ələt Azad İqtisadi Zonasının təkcə Azərbaycanda və ya qonşu ölkələrdə deyil, daha geniş coğrafiyada cəlbedici olması üçün bütün tədbirləri gördük. Məlumdur ki, hazırda Azərbaycanda nəqliyyat infrastrukturu sürətlə inkişaf edir. Lakin investorlar üçün dənizə çıxışın önəmli olduğunu və ölkəmizin dənizə birbaşa çıxışının olmadığını unutmayaq. Məhz bu səbəbdən, sözügedən üstünlüyə malik ölkələrdəki azad zonalarla müqayisədə Ələt Azad İqtisadi Zonası daha cəlbedici olmalı idi. Əlbəttə ki, digər iqtisadi zonalarda olduğu kimi, Ələt Azad İqtisadi Zonasında da vergilərdən və gömrük rüsumlarından azadolma kimi güzəştlər mövcuddur. Ancaq qeyd etdiyim kimi, yalnız bu faktorla investorları maraqlandırmaq qeyri-mümkündür. Buna görə də, istifadəyə hazır sənaye torpaq sahələri ilə yanaşı, qanunvericilik də çox mühüm önəm daşıyır. Bu səbəbdən, Ələt Azad İqtisadi Zonasının eksterritoriallığını, habelə Ələt Azad İqtisadi Zonasının fəaliyyəti, inkişafı və idarə edilməsini təmin edən Milli Məclis tərəfindən “Ələt azad iqtisadi zonası haqqında” qanun qəbul edilib və Prezident tərəfindən Azərbaycan Respublikasının üstün qanunu kimi təsdiq edilib.
Qeyd etməliyəm ki, heç bir dövlət qurumu Ələt Azad İqtisadi Zonasının, habelə Azad zonada qeydiyyatdan keçmiş hüquqi şəxslərin, maliyyə qurumlarının və bu hüquqi şəxslərin işçilərinin fəaliyyətini tənzimləmək kimi hüquqa sahib deyil. Eyni zamanda, qəbul edilmiş qanuna əsasən, əsas iqtisadiyyatın cinayət qanunvericiliyi və cinayət yolu ilə əldə edilmiş digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, o cümlədən hədəfli maliyyə sanksiyaları haqqında qanunvericiliyi istisna olmaqla, digər qanunları Ələt Azad İqtisadi Zonasında tətbiq edilə bilməz. Ələt Azad İqtisadi Zonasının qanunvericiliyi ilə əsas iqtisadiyyatın qanunvericiliyinin müddəaları arasında hər hansı bir ziddiyyətin yaranmasının qarşısını almaq üçün, əsas iqtisadiyyatın 90-dan çox qanununa Ələt Azad İqtisadi Zonasının qanunvericiliyinin üstünlüyünü təmin edən müvafiq dəyişikliklər və əlavələr edilib və bu proses davam edir.
2021-ci ilin iyul ayının 1-də inşaat işlərinə başlanılmış ilkin 60 hektar ərazinin təntənəli açılışı 2023-cü ilin iyun ayının 9-da ölkə başçısı İlham Əliyevin iştirakı ilə baş tutdu. Bu ərazidə yerləşən və ümumi sahəsi 16 min m² olan Biznes Mərkəzin binası 3 funksional hissədən ibarətdir: buraya Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun ofisi, investorlara vahid pəncərə prinsipi ilə xidmət göstərəcək ofis və investorların idarəetmə qurumları üçün ofislər, habelə təhkim olunmuş gömrük əməkdaşları üçün ofis daxildir. Biznes Mərkəzində yüksək keyfiyyətli xidməti təmin edəcək müvafiq infrastruktur və maddi-texniki baza yaradılıb.
– Bu il Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) hansı işlərin görülməsi planlaşdırılır və xarici şirkətlərin ƏAİZ-də fəaliyyəti ilə bağlı yeniliklər varmı?
– Ələt Azad İqtisadi Zonasının ilkin 60 hektar inkişaf mərhələsində müəssisələr üçün nəzərdə tutulmuş ərazinin əksər hissəsi artıq investorlara ayrılıb. Qeydiyyatdan keçmiş şirkətlərin əksəriyyəti artıq tikinti işlərinə başlayıb. Digər müəssisələr tərəfindən isə layihələndirmə işləri aparılır. Ümumiyyətlə, layihələndirmə zamanı yüksək beynəlxalq standartların tətbiq edilməsi tərəfimizdən qoyulan əsas şərtlərdən biridir. Hətta müəyyən ərazi faktorları üzrə tələblər Avropada qoyulan tələblərdən daha yüksəkdir. Belə ki, Avropada layihələndirmə zamanı seysmik davamlılıq 5 baldırsa, Ələt Azad İqtisadi Zonasında bu göstərici 8 baldır. Əlavə olaraq, tikiləcək binaların oda davamlılığı, külək yükü və bu kimi digər texniki-təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilir. Yalnız bütün sadaladığım tələblərə cavab verildikdən sonra, investor müəssisə inşaatına başlayır.
Ələt Azad İqtisadi Zonasına olan böyük marağı nəzərə alaraq, növbəti inkişaf mərhələsi olan 138 hektar ərazinin tikintisinə planlaşdırılan zamandan 18 ay öncə başladıq.
Bununla yanaşı, ağır sənayeyə olan tələbatı və artan marağı nəzərə alaraq, tikintisi iki il sonra planlaşdırılan ağır sənaye müəssisələri üçün ayrılmış 284 hektar ərazinin də artıq tikinti işlərinə başlamışıq. İnvestorları hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş torpaq sahələri ilə təmin etmək məqsədilə, tikinti işlərini gələn ilin sonundan gec olmayaraq bitirməyi düşünürük.
– ƏAİZ-də karqo hava limanının tikintisi işlərinə nə zaman başlanacaq və nə zaman təhvil veriləcək? Karqo hava limanının yük qəbuletmə gücü, göstəriciləri nələrdir?
– Məlumdur ki, Ələt Azad İqtisadi Zonasının əsas üstünlüklərindən biri strateji coğrafi mövqeyidir. Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən Azad zonada dəmiryolu, magistral yolu və dəniz vasitəsilə yükdaşımaların təmin edilməsi mümkündür.
Lakin Azad Zonada fəaliyyət göstərəcək müəssisələrin, habelə digər şirkətlərin yüklərinin hava nəqliyyatı vasitəsilə daşınmasını təmin etmək məqsədilə, Azad Zonanın ərazisində karqo hava limanının da inşası nəzərdə tutulub. Ölkə başçısının müvafiq Sərəncamı ilə Ələt Azad İqtisadi Zonasına ayrılmış 4313 hektar torpaq sahəsinin təxminən 1200 hektardan artıq hissəsində müasir standartlara cavab verən karqo hava limanı fəaliyyət göstərəcək. Karqo hava limanının tikinti işlərinə artıq başlanılıb. Sözügedən hava limanının 2026-cı ilin birinci rübündən gec olmayaraq istifadəyə verilməsi nəzərdə tutulub. Ümumilikdə, birinci mərhələdə hava limanın yükaşırma gücü illik 500 min ton təşkil edəcək, növbəti mərhələdə isə illik 1,5 milyon tonadək artırılacaq. Karqo hava limanın ətrafında multimodal nəqliyyat mərkəzlərinin, habelə yüksək texnologiyalara dayanan istehsal müəssisələrinin yerləşdirilməsi planlaşdırılır.
– Hazırda ƏAİZ-də əsasən hansı məhsulları istehsal edən investorlara yer verilir? Onların qarşısına başqa hansı tələblər qoyulub?
– Əlbəttə ki, biz daxil olmuş bütün investisiya layihələrini nəzərdən keçiririk. Ancaq, bu layihələrin dəyərləndirilməsi zamanı müəyyən tələblər diqqətə alınır. Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin mərkəzində beynəlxalq standartlara və innovativ texnologiyalara əsaslanan yüksək əlavə dəyər yaradan, ixracyönümlü istehsalı və müvafiq beynəlxalq xidmətləri təmin edə biləcək investorlar durur. Yəni, Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ən azı 75 %-i xaricə ixrac edilməlidir. Yalnız bu halda nəzərdə tutulmuş güzəştlər investora tətbiq edilir.
Qeyd etməliyəm ki, çox hallarda minimum 75 % ixracat tələbinə görə tənqid edilirik. Ancaq bu qərarın verilməsində başlıca məqsəd, əsas iqtisadiyyatın müəssisələrinin fəaliyyətinə maneə törətməməkdir. Belə ki, Azad zonada fəaliyyət göstərən müəssisələr tətbiq edilən güzəştlər və yaradılmış əlverişli şərait nəticəsində yerli bazara öz məhsulunu daha ucuz qiymətə satacaq, bu isə daxili bazara ciddi şəkildə ziyan edə bilər. Əlavə olaraq, Azərbaycanın 10 milyon əhalisi olduğunu nəzərə alaraq, böyük müəssisələr üçün geniş bazar olmadığı məlumdur.
– ƏAİZ-ın Baş Planının hazırlanmasına başlanılıbmı? Baş Planda nələr olacaq?
– Ələt Azad İqtisadi Zonası üzrə ilkin İşçi qrupu 2018-ci ilin sentyabrında yaradılıb. Qrupun yaradılmasında əsas məqsəd ilk növbədə Azad zonanın yerləşəcəyi ərazini və ölçüsünü müəyyən etməklə bağlı idi. Nəticədə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ərazidə 850 hektarlıq sahə seçildi. Sözügedən ərazinin infrastrukturu və inkişafı ilə bağlı konseptual plan, bu plan əsasında isə Baş Plan hazırlandı. Məlumdur ki, Ələt Azad İqtisadi Zonasının inkişafı mərhələli şəkildə həyata keçirilir. İlk olaraq, birinci inkişaf mərhələsi – FEZ 1 ərazisinin 60 hektarlıq sahəsinin layihələndirilməsi baş tutdu və bunun əsasında da inşaat işləri aparıldı.
Hazırda fəaliyyət göstərən İşçi qrupunun məqsədi də müvafiq dövlət qurumlarının iştirakı ilə Ələt Azad İqtisadi Zonasına ayrılmış, habelə gələcəkdə ayrılacaq ərazilər üçün sahəxarici nəqliyyat (dəmiryolu və avtomobil yolları) və mühəndis-kommunikasiya (su, qaz, elektrik enerjisi, kanalizasiya və s.) təminatı obyektlərinin layihələrinin hazırlanması və icrasının həyata keçirilməsidir.
– Hər hansı bir xarici şirkət Ələt Azad İqtisadi Zonasının maliyyələşdirilməsini öhdəliyinə götürüb, azad zonanın idarəetmə qurumunun funksiyasını yerinə yetirə bilərmi? Belə bir təcrübə varmı və bizim hazırda bu təcrübədən istifadə etməməyimizə səbəb nədir?
– Əlbəttə ki, belə təcrübə var və bunu etmək mümkündür. Lakin əminliklə deyə bilərəm ki, təəssüf, bu təcrübənin nəticəsi uğurlu deyil. Uğurla fəaliyyət göstərən azad iqtisadi zonalara nəzər yetirdikdə görünür ki, İrlandiyada, Sinqapurda, Çində və digər ölkələrdəki zonaların hər biri dövlət sərmayəsi əsasında qurulub. Bunun başlıca səbəbi ondan ibarətdir ki, özəl şirkətlər üçün azad iqtisadi zonaya yatırım qoymaq və ya hazır infrastruktur yaratmaq kimi risklər götürmək çətindir. Belə ki, çox zaman həyata keçirilən layihələrin səmərəli olacağına dair idarəedici şirkət tərəfindən investordan zəmanət tələb edilir. Bu isə investor qarşısında yeni öhdəliklər yaradır və beləliklə, öhdəliyi olan investorun kredit almaq qabiliyyəti, habelə qiymətli kağzılarının dəyəri azalır.
Digər tərəfdən isə azad zonanı idarə edəcək özəl şirkət tərəfindən lazımi öhdəliklər zamanında yerinə yetirilmədikdə məhkəməyə müraciət edilməli olur. Bu isə öz növbəsində həm investor, həm də özəl şirkət üçün əlavə vaxt itkisi və problemlər törədir.
Bir məqamı da qeyd etməliyəm ki, açıq dənizə birbaşa çıxışı olan, 10-15 ildən artıq fəaliyyət göstərən azad zonalarda istehsalla məşğul olan şirkət demək olar yoxdur. Buna səbəb isə sözügedən zonaların özəl şirkətlər tərəfindən idarə edilməsi və nəticədə hazır infrastrukturlu torpaq sahələrinin olmamasıdır. Ələt Azad İqtisadi Zonasının da ən böyük üstünlüyü məhz eksterritoriallığı və Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun müstəqilliyini təmin edən qanunvericilik bazasının olması və investorlara hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş torpaq sahələrinin təqdim edilməsidir.
– Ələt Azad İqtisadi Zonasının inkişafı qarşısında hansı çətinliklər və maneələr var və onların həlli üçün planlar nələrdir?
– Ələt Azad İqtisadi Zonasına olan maraq hər gün daha da artır. Buna görə, ərazilərin daha intensiv şəkildə inkişafı və lazımi infrastrukturla təmin edilmiş hazır sənaye torpaq sahələrinin qısa zaman ərzində inşası hazırda qarşımızda duran əsas məqsədlərdəndir.
– ƏAİZ-in tam olaraq fəaliyyətə başlanması (istehsal və ixrac) nə zaman üçün planlaşdırılır?
– Layihələndirmə və inşaat işlərinin də fəaliyyət olduğunu nəzərə alaraq, deyə bilərəm ki, artıq Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçib fəaliyyətə başlayan şirkətlər mövcuddur. Məhsul istehsalına isə müəyyən şirkətlər 2 il, digərləri isə 2 il yarım və 3 il sonra başlayacaq. Məlumdur ki, hərtərəfli funksional istehsal müəssisəsinin tikintisi üçün investora müəyyən zaman tələb olunur. Biz isə öz növbəmizdə, Azad zonada qeydiyyatdan keçmiş investorlara bütün imkanların yaradılması üçün lazımi tədbirləri görürük. Çünki, səmərəli fəaliyyətin təşkili və əlavə dəyər yaradan keyfiyyətli məhsulun istehsalını təmin etmək üçün investorlara tələb olunan şəraitin yaradılması mütləqdir. Bizim amalımız da ölkə iqtisadiyyatının inkişafına məhz uzunmüddətli töhfə vermək və xarici investisiyaları ölkəyə cəlb etməkdir.
Onu da qeyd etməliyəm ki, Azad zonada fəaliyyət göstərəcək müəssisələr ilə Azərbaycanın əsas iqtisadiyyatında çalışan şirkətlər arasında səmərəli əməkdaşlığın qurulmasının təmin edilməsinə dəstək verilir. Ələt Azad İqtisadi Zonasının qanunvericiliyində qeyd edildiyi kimi, yerli müəssisələrin Ələt Azad İqtisadi Zonasında çalışan şirkətlərə satdığı məhsullar da ƏDV-dən və gömrük rüsumundan azaddır. Bununla da, əsas iqtisadiyyatın müəssisələri üçün əlverişli ixrac nöqtəsi yaradılmış olur. Bundan əlavə, xaricdən ixrac olunacaq xammalın yol xərci, sığorta məsələləri də nəzərə alınarsa, təbii ki, Azad zonada fəaliyyət göstərəcək investorlar üçün də Azərbaycan şirkətindən məhsul almaq daha sərfəli olacaq.
Ancaq, Azad zonadan əsas iqtisadiyyata məhsul satılırsa, bu Azərbaycan alıcısı üçün idxaldır, yəni, bu halda, gömrük və ƏDV ödənilməlidir. Bunun səbəbi isə istehsalçını, daxili bazarı qorumaq, Azad zonada çalışan şirkətlərin bu imtiyazlardan istifadə edərək daxili bazara daha ucuz məhsul satmasının qarşısını almaqdır.
Ümumiyyətlə, bizim başlıca iki məqsədimiz var: birincisi, Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərəcək investorlar üçün mümkün ola biləcək ən əlverişli biznes mühiti yaratmaq, habelə gələcəkdə onların inkişafını və genişlənməsini dəstəkləməkdir.
İkincisi isə beynəlxalq miqyasda rəqabətədavamlı və biliyə əsaslanan iqtisadiyyata keçidin təcrübədə nə demək olduğunu nümayiş etdirməkdir. Belə ki, sahibkarlarımıza, biznes subyektlərimizə yeni biznes mədəniyyətini, yeni texnologiyaları öyrənmək və tətbiq etməkdə dəstək göstərmək, Azərbaycan iqtisadiyyatı və xalqı üçün real dəyər yaradacaq innovativ müəssisələrin qurulmasına şərait yaratmaq niyyətindəyik.