9 C
Baku
Friday, December 13, 2024

Ələt Azad İqtisadi Zonasının inkişafına dair yol xəritəsi hazırlanacaq

Azərbaycanda Ələt Azad İqtisadi Zonasının inkişaf perspektivlərinə və İqtisadi Zona ilə bağlı yaradılmış İşçi Qrupun fəaliyyətinə dair yol xəritəsinin hazırlanması barədə müzakirələr aparılıb.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Belə ki, İqtisadi Zona ilə bağlı yaradılmış İşçi Qrupun birinci iclası keçirilib. İclasda iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən, İşçi Qrupun rəhbəri Mikayıl Cabbarov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkədə qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar, əlverişli işgüzar mühit və investisiya cəlb edilməsi tədbirləri barədə məlumat verilib. Ölkəmizin artan tranzit-logistika imkanları vurğulanıb, bu kontekstdə Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, həmin sərmayədarların Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində iqtisadi inkişafa töhfə vermək, həmçinin yeni iş yerləri yaratmaq əsas hədəflərdəndir.

Qeyd edilib ki, Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər investorların İqtisadi Zonaya marağını artırır. İqtisadi Zona Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq–Qərb, Şimal–Cənub və Orta Dəhliz beynəlxalq nəqliyyat dəhlizlərində mühüm rolu olan ölkənin strateji əhəmiyyəti artacaq.

Son xəbərlər
Digər xəbərlər