Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) tikilən karqo hava limanının birinci mərhələdə yükaşırma gücü illik 500 min ton təşkil edəcək, növbəti mərhələdə isə illik 1,5 milyon tonadək artırılacaq.
Bunu müsahibəsində ƏAİZ-in Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.
O bildirib ki, Ələt Azad İqtisadi Zonasının əsas üstünlüklərindən biri strateji coğrafi mövqeyidir: “Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən Azad zonada dəmiryolu, magistral yolu və dəniz vasitəsilə yükdaşımaların təmin edilməsi mümkündür”.
V. Ələsgərov vurğulayıb ki, ölkə başçısının müvafiq sərəncamı ilə Ələt Azad İqtisadi Zonasına ayrılmış 4 313 hektar torpaq sahəsinin təxminən 1 200 hektardan artıq hissəsində müasir standartlara cavab verən karqo hava limanı fəaliyyət göstərəcək: “Karqo hava limanının tikinti işlərinə artıq başlanılıb. Sözügedən hava limanının 2026-cı ilin birinci rübündən gec olmayaraq istifadəyə verilməsi nəzərdə tutulub.
Ümumilikdə, birinci mərhələdə hava limanın yükaşırma gücü illik 500 min ton təşkil edəcək, növbəti mərhələdə isə illik 1,5 milyon tonadək artırılacaq. Karqo hava limanın ətrafında multimodal nəqliyyat mərkəzlərinin, habelə yüksək texnologiyalara dayanan istehsal müəssisələrinin yerləşdirilməsi planlaşdırılır”.
Müsahibənin geniş mətni ilə buradan tanış ola bilərsiniz.