İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın yanvar sayına əsasən, 2023-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın ümumi ixracı 33,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-dekabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 928,2 milyon ABŞ dollarına bərabər olub.
Banker.az xəbər verir ki, 2023-cü ilin 12 ayı ərzində elektrik enerjisinin ixracı 3,3 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 1,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 19,3%, qara metallardan məmulatların ixracı 13,3%, meyvə-tərəvəz ixracı isə 8,7% artıb.
2023-cü ilin yanvar-dekabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,2% artaraq 969,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% artaraq 201 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (402,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (162,8 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (162 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2023-cü ilin yanvar-dekabr ayları ərzində Rusiya Federasiyasına 1,1 milyard ABŞ dolları, Türkiyəyə 783,9 milyon ABŞ dolları, Gürcüstana 332,5 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 175,3 milyon ABŞ dolları, Qazaxıstana isə 95 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Ötən ilin dekabr ayının qeyri-neft ixracı 3,8% artaraq 314,3 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac isə 0,9% artımla 106,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 5,4% artımla 207,7 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (110,3 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (55,1 milyon ABŞ dolları) ikinci və Gürcüstan (32,6 milyon ABŞ dolları) üçüncü olub.
2023-cü ilin dekabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (35,8 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (23,2 milyon ABŞ dolları) ikinci və pomidor (tomat) (21,3 milyon ABŞ dolları) üçüncü olub.