Elektrik enerjisi ilə işləyəcək təyyarələr 2035-ci ilə qədər, əsasən də “kiçik aviasiya”da ərsəyə gələcək.
Bu barədə “RİA Novosti”yə müsahibəsində P.İ.Baranov adına Mərkəzi Aviasiya Mühərrikqayırma İnstitutunun (MAMİ) baş direktoru Mixail Qordin bildirib.
“Müxtəlif tədqiqatlar göstərir ki, 2035-2040-cı illərə qədər yalnız sərnişin tutumu 19 nəfərdən çox olmayan, məhdud uçuş məsafəli “kiçik aviasiya” təyyarə və helikopterləri tamamilə elektrikli olacaq. Həmçinin tutumu 4 nəfərdən çox olmayan “uçan taksilər” də tamamilə elektrik enerjisi ilə işləyəcək”, – o deyib.
M.Qordinin sözlərinə görə, tamamilə elektrikli təyyarələrdə ənənəvi istilik mühərrikləri olmayacaq:
“Belə təyyarələrdə dartma yaratmaq üçün elektrik mühərriklərindən istifadə olunur. Belə güc qurğusu enerjini akkumlyatorlardan və ya yanacaq elementlərindən alır. Bu, zərərli tullantıların olmaması, habelə xidmət və etibarlılıq baxımından ideal sxemdir”.