24 C
Baku
Wednesday, May 22, 2024

Elektroenergetika haqqında qanun plenar iclasa tövsiyə edildi

Aprelin 7-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib. İclasda Energetika naziri Pərviz Şahbazov, Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri Samir Axundov, Energetika nazirinin müavini Samir Vəliyev, nazirliyin şöbə müdirləri Ələsgər Həsənov və İbrahim Ağayev iştirak ediblər.

Banker.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov diqqətə çatdırıb ki, iclasın gündəliyinə 4 məsələ – “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş), habelə “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş), “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş), “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələri daxil edilib.

Əvvəlcə, iclasda “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) təqdim olunub. Komitə sədri Sadiq Qurbanov qanun layihəsinin Milli Məclisin plenar iclasında birinci və ikinci oxunuşda müzakirə edildiyini, sənədlə bağlı deputatların öz fikirlərini və qeydlərini səsləndirdiyini söyləyib.

Sonra Energetika naziri Pərviz Şahbazov çıxış edərək, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, hazırda qlobal səviyyədə energetika sistemində transformasiya proseslərinin getdiyini, dünya ölkələrində enerji keçidi proseslərinin həyata keçirildiyini, müasir çağırışlara cavab verən inkişaf modellərinin tətbiq edildiyini deyib. Qeyd edib ki, bu amilləri nəzərə alaraq, Prezidentin imzaladığı fərman və sərəncamlarda ölkəmizin energetika sistemində islahatların növbəti mərhələsi ilə bağlı konkret vəzifələr irəli sürülüb.

Bildirilib ki, dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və təchizatı fəaliyyətinin hüquqi və idarəçilik cəhətdən ayrılması, müstəqil təchizat subyektlərinin təşviqi, zəruri tənzimləyici mühitin formalaşdırılması ilə bazar prinsiplərinin tətbiqi nəzərdə tutulub. Burada məqsəd vətəndaşların, habelə iqtisadiyyatın əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsindən ibarətdir.

Nazir təqdim edilmiş yeni “Elektroenergetika haqqında” qanun layihəsinin bu sahədə islahatların növbəti mərhələsi üçün hüquqi mexanizm formalaşdıracağını söyləyib. Qeyd edib ki, layihə hazırlanarkən beynəlxalq təcrübə, ölkədə bazar iqtisadiyyatının mövcud inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri nəzərə alınıb. O, ölkə iqtisadiyyatının və əhalinin elektrik enerjisi ilə dayanıqlı və etibarlı təminatı üçün bu sahədə hüquqi mexanizmin xüsusi əhəmiyyətindən danışıb.

Qanun layihəsi ətrafında aparılan müzakirələrdə parlamentin komitə sədrləri Qənirə Paşayeva, Tahir Mirkişili, deputatlar Vahid Əhmədov, Vüqar Bayramov, Asim Mollazadə, Elnur Allahverdiyev, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Qüdrət Həsənquliyev, Elman Nəsirov, Razi Nurullayev, Müşfiq Məmmədli, Arzu Nağıyev çıxış edərək öz fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

Deputatlar sənədi energetika sistemində islahatların həyata keçirilməsində mühüm addım kimi dəyərləndiriblər. Bildirilib ki, layihə ölkədə elektroenergetika sahəsinin inkişafına, rəqabət mühitinin formalaşmasına, özəl investisiyaların qoyuluşuna münbit şəraitin yaradacaq, bu sahədə səmərəliliyin, məhsul və xidmətlərin keyfiyyətinin artırılmasına, istehlakçıların mənafelərinin qorunmasına xidmət edəcək.

Energetika naziri Pərviz Şahbazov, parlamentin komitə sədri Sadiq Qurbanov Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, səsləndirdikləri sualları ətraflı cavablandırıblar.

Müzakirələrin yekununda “Elektroenergetika haqqında” qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra iclasda “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş), “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş), “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələrinə baxılıb və bu sənədlər də ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər