8 C
Baku
Sunday, December 1, 2024

Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydaları təsdiqlənib

Nazirlər Kabineti “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nı və “Elektron alış aktı”nın formasını təsdiq edib.

Qaydalara əsasən, elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir.

Bu Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı mal alışının rəsmiləşdirilməsinə əsas vermir. Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi  İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir.

– Elektron alış aktında aşağıdakı məlumatlar əks etdirilir:

– elektron alış aktının seriyası, nömrəsi və verilməsi tarixi;

– elektron alış aktının növü (cari/düzəliş/ləğv);

– satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, FİN kodu, əlaqə nömrəsi;

– vergi ödəyicisinin tam adı və eyniləşdirmə nömrəsi (VÖEN);

– kağız daşıyıcıda tərtib edilmiş alış aktının seriyası, nömrəsi və tarixi;

– sıra nömrəsi;

– malın adı;

– malın ölçü vahidi;

– malın miqdarı;

– malın vahidinin qiyməti (manatla);

– malın məbləği (manatla);

-sair qeydlər;

– yekun məbləğ (rəqəm və yazı ilə);

– malın təqdim edildiyi ünvan.

Elektron alış aktı aşağıdakı qaydada doldurulur:

-“Növü” rekvizitində – elektron alış aktının növü kimi cari, düzəliş və ya ləğv olması;

– “Kimdən” sətrində – satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, FİN kodu, əlaqə nömrəsi;

– “Kimə” sətrində – vergi ödəyicisinin tam adı və eyniləşdirmə nömrəsi (VÖEN);

– “Kağız daşıyıcıda tərtib edilən alış aktının” sətrində – kağız daşıyıcıda tərtib edilən alış aktının seriyası, nömrəsi və tarixi;

– “Sıra nömrəsi” sütununda – alınmış malların adlarının ardıcıl nömrələri;

– “Malın adı” sütununda – malın adı;

– “Ölçü vahidi” sütununda – malın ölçü vahidi;

– “Miqdarı” sütununda – malın miqdarı;

– “Malın vahidinin qiyməti (manatla)” sütununda – malın müəyyən olunmuş ölçü vahidinin qiyməti;

– “Məbləği (manatla)” sütununda – malın ümumi dəyəri;

– “Sair qeydlər” sütununda – malla bağlı sair qeydlər;

– “Yekun” sətrində – “Məbləği (manatla)” sütunundakı məbləğlərin cəmi;

– “Ünvanda” sətrində – malların təqdim edildiyi yerin ünvanı;

– “Təhvil verdim” sətrində – təhvilverən şəxsin soyadı, adı və atasının adı, imza və tarix;

– “Təhvil aldım” sətrində – təhvilalan şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, imza və tarix qeyd olunur.

Elektron alış aktının seriyası, nömrəsi və verilməsi tarixi proqram tərəfindən avtomatik generasiya olunur. Elektron alış aktında məbləğ Azərbaycan Respublikasının pul vahidi – manatla göstərilir. Elektron alış aktının hazırlanaraq qeydə alındığı tarix həmin elektron alış aktının verilməsi tarixi sayılır. Elektron alış aktının bütün xanalarının doldurulması zəruridir, onun boş qalmış sətirləri olarsa, bunlar proqram təminatı tərəfindən “0” (sıfır) kimi qəbul edilir Düzəliş elektron alış aktı tərtib edildiyi halda, elektron alış aktının “Növü” rekvizitində “Düzəliş” qeydi seçilməklə, düzəliş edilən elektron alış aktının seriyası, nömrəsi və düzəlişin səbəbi “Sair qeydlər” rekvizitində göstərilir. Elektron alış aktı tərtib edilən zaman alınmış malların dəqiq adı qeyd edilmədən ümumiləşdirilmiş adlardan istifadə edilməsinə (məsələn, “mallar”, “tikinti materialları” və digər bu kimi adlar) yol verilmir.

Vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri (kağız daşıyıcıda olan malların alış aktı, malların təhvil-qəbul aktı və digər ödəniş sənədləri) üzrə məlumatlarla uyğun olmadıqda və ya əməliyyat qismən ləğv edildikdə, o cümlədən mallar qismən geri qaytarıldıqda, vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında düzəliş aparır.

Əməliyyatın tam ləğv edilməsi və eyni əməliyyat üzrə elektron alış aktının təkrar tərtib edilməsi hallarında vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində müvafiq elektron alış aktını ləğv edir. Əməliyyatın qismən ləğv edilməsi, o cümlədən malların qismən geri qaytarılması halında elektron alış aktının “Xarakteri” rekvizitində “əməliyyatın qismən ləğvi” bölməsi seçilməklə tərtib edilən düzəliş elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara (kağız daşıyıcıda tərtib edilmiş və vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanmış alış aktına) uyğun olmadığı halda elektron alış aktının “Xarakteri” rekvizitində “ilkin uçot sənədləri üzrə səhv” bölməsi seçilməklə tərtib edilən düzəliş elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Ləğv edilmiş və ya düzəliş edilmiş elektron alış aktı çap edilərək,  vergi  orqanında  uçotda  olmayan  fiziki  şəxs  tərəfindən  5 (beş) gün müddətində imzalanır və vergi ödəyicisində saxlanılır.

Elektron alış aktının uçotu hər bir vergi ödəyicisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi – AVİS vasitəsilə həyata keçirilir. Elektron alış aktının seriyası və nömrəsi AVİS vasitəsilə verilir. Elektron alış aktının eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir. Müəyyən edilsin ki, Azərbaycan Respublikasında elektron alış aktının təsdiq edilmiş forma və rekvizitlərə uyğun olaraq mərkəzləşdirilmiş qaydada uçotunun aparılması və tətbiqi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti elektron alış aktının tətbiqi ilə əlaqədar müvafiq texniki imkanların yaradılmasını təmin edən tədbirlər görsün.

Qərara əsasən, müəyyən edilib ki, Azərbaycan Respublikasında elektron alış aktının təsdiq edilmiş forma və rekvizitlərə uyğun olaraq mərkəzləşdirilmiş qaydada uçotunun aparılması və tətbiqi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə elektron alış aktının tətbiqi ilə əlaqədar müvafiq texniki imkanların yaradılmasını təmin edən tədbirlər görmək tapşırılıb.

elek

Son xəbərlər
Digər xəbərlər