6 C
Baku
Monday, December 16, 2024

Elektron hüquq xidməti göstərən yeni sayt istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) tərəfindən “Elektron inteqrasiya: informasiya cəmiyyətinin inkişafına ictimai dəstəyin gücləndirilməsi” layihəsi çərçivəsində əhaliyə pulsuz e-hüquq xidməti göstərən www.e-integration.az saytı yaradılıb.

Yeni informasiya resursunun əsas məqsədi internet istifadəçilərinə pozulmuş və pozulma ehtimalı olan internet hüquqları ilə bağlı hüquqi məsləhət və informasiya xidmətləri göstərməkdir. Eyni zamanda, ölkəmizin qarşısına qoyduğu strateji məqsədlərin – e-hökumət prinsiplərinin, elektronlaşmanın, asan xidmətlərin səmərəli həyata keçirilməsi üçün vətəndaşların e-məkana, qlobal informasiya cəmiyyətinə inteqrasiyasına dəstək verməkdir.

Sayt vasitəsilə istifadəçilər özlərinin internet hüquq və vəzifələri, sosial şəbəkələrdə davranış qaydaları və etik normalar, kibercinayətlər və onlarla mübarizə, müəllif hüquqları, uşaq hüquqları və informasiya hüququ üzrə ətraflı məlumatlar əldə edə, bu sahəyə aid qanunvericilik bazası ilə tanış ola, habelə bir sıra faydalı linklər və keçidlərdən yararlana bilərlər.

Yaxın günlərdə isə sayt istifadəçiləri “İnternet hüququ və etikası”, “Beynəlxalq hüquq və Azərbaycan Respublikasının media qanunvericiliyi” kitablarının elektron versiyalarını da əldə edə biləcəklər.

Son xəbərlər
Digər xəbərlər