8 C
Baku
Thursday, December 12, 2024

Elektron ticarət əməliyyatından hansı hallarda ƏDV hesablanmır?

Müasir həyatın reallıqlarından biri də elektron ticarətin dinamik inkişafı, gündəlik məişətimizə daxil olmasıdır. Elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı aktual məsələlərdən birinə iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 169.3-cu maddəsinin ikinci hissəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən vergi orqanlarında uçotda olmayan şəxsdən tutulmuş ƏDV əvəzləşdirilmir.

Vergi Məcəlləsinin 169.1-ci maddəsinə görə elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər ƏDV məqsədləri üçün vergitutma obyekti hesab edilmir.

Misal 1. Vətəndaş plastik kartından istifadə etməklə, “Wizz Air” travel şirkətindən Bakı-Budapeşt reysinə 150 avro dəyərində bilet alıb, həmçinin Vyanada otel xidməti üçün 300 avro ödəniş edib. Bu halda elektron ticarət üzrə əməliyyatdan ƏDV hesablanmır.

Misal 2. Vətəndaş “Facebook” səhifəsində reklam yerləşdirdiyi üçün kart hesabından 50 avro xidmət haqqı ödəməlidir. Bu zaman vergi agenti olan kredit təşkilatı 9 avro ((50 avro x 18 faiz)) ƏDV hesablayacaq və vətəndaşın kart hesabından tutaraq dövlət büdcəsinə ödəyəcək.

Misal 3. Vətəndaş elektron ticarət qaydasında bank kartı ilə ödəniş edərək Türkiyənin “Trendyol” firmasından 2 köynək alıb. Bu zaman mallar fiziki şəxs tərəfindən alındığı üçün ƏDV məbləği hesablanmır.

Son xəbərlər
Digər xəbərlər