13 C
Baku
Saturday, November 23, 2024

Elektron ticarət vasitəsilə xaricdən alınan mallara görə ƏDV tutulurmu?

“Newegg” onlayn satış platformasından bank kartı vasitəsilə 189.99 ABŞ dolları (384,48 manat) məbləğinə “GIGABYTE X570S AORUS ELITE AX” model kompüter üçün ana platası sifariş edilib. Bu zaman ana platanın dəyərindən əlavə bank kartından 58,65 manat məbləğində ƏDV vergisi tutulub. Bunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 169.3-cü maddəsinin 3-cü abzasına zidd olduğunu hesab edirəm. Çünki sifariş etdiyim ana plata həmin Məcəllənin 13.2.8-ci maddəsinin mənası baxımından maddi mənada mal anlayışına aiddir. Xahiş edirəm tutulmuş ƏDV-nin nəyə əsasən tutulması barədə məlumat verəsiniz.

Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən, elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Eyni zamanda, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir.

Qeyd olunanları nəzərə alaraq, hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanunu.

Son xəbərlər
Digər xəbərlər