13 C
Baku
Saturday, November 23, 2024

Elektron ticarət zamanı ƏDV tutulması necə həyata keçirilir?

Mən “Coding princes” adlanan idman və əyləncə üçün Leo bank kartımdakı balansımdan 41,55 manat məbləğində pulun çıxılmasına razılıq vermişəm. Bu məbləğin 6,34 manatı ƏDV olub. Heç bir əməliyyat etmədiyim halda kart balansımdan 6,34 manat məbləğində ƏDV ikinci dəfə tutulub. Eyni əməliyyata görə iki dəfə ƏDV tutula bilərmi?

Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir.

Qeyd olunanları nəzərə alaraq, hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanunu.

Son xəbərlər
Digər xəbərlər