Eli Lilly necə 1 trilyon dollarlıq biznesə çevrildi, amma əsas riskdən xilas ola bilmədi

Son 10 ildə Eli Lilly durğun vəziyyətdə olan əczaçılıq istehsalçısından sürətlə inkişaf edən şirkətə çevrilərək bazar dəyərini 14 dəfə artırıb və kapitallaşması 1 trilyon dolları ötən şirkətlər klubuna qoşulub. Bloomberg yazır ki, rəhbərliyin qəbul etdiyi qərarlar şirkəti köklü şəkildə dəyişsə də, onun gələcəyini kölgədə qoyan əsas risk hələ də qalır.

Əsas qorxu

2000-ci illərin əvvəlində Eli Lilly gəlirinin təxminən 25%-ni təmin edən məşhur antidepressant Prozac-dan əldə etdiyi mənfəəti itirdi. 2001-ci ildə bu preparatla bağlı ən vacib patentlərin qorunma müddəti başa çatdı.

Şirkət itkiləri əvvəlcədən kompensasiya etmək üçün psixi xəstəliklər, onkologiya və diabet sahələrində yeni preparatlar hazırlamağa çalışsa da, istədiyi nəticəni əldə edə bilmədi.

2008-ci ilə qədər korporasiya gəlirlərinin üçdəbirini itirmiş və 5 500 əməkdaşını işdən çıxarmağa məcbur olmuşdu. Bu hadisələr 1996-cı ildə Lilly-yə qoşulan və 2017-ci ildə baş icraçı direktor vəzifəsinə yüksələn Devid Riksə ciddi təsir göstərdi. O, bu müddətdə kompromisə getməyən və səhvlərə qarşı dözümsüz menecer kimi tanınmışdı.

Riksin diqqət yetirdiyi ilk məsələ sürət oldu. Perspektivli bir dərmanın klinik sınaqlardan ABŞ Qida və Dərman Administrasiyasının (FDA) təsdiqinə qədər keçdiyi müddət 13–14 il idi və o, bu vaxtı iki dəfə azaltmaq qərarına gəldi.

Yeni yanaşma əvvəlcə çəki azalmasına kömək edən tirzepatid üzərində sınaqdan keçirildi. Məqsəd oxşar preparatlar olan Ozempic və Wegovy-ni hazırlayan Danimarkanın Novo Nordisk şirkətini qabaqlamaq idi.

Rəqibi geridə qoymaq

Lilly-nin tədqiqat və inkişaf bölməsi biotexnoloji startapı xatırladan çevik struktura çevrildi. İşçilər dərman hazırlanmasının bütün mərhələlərini sürətləndirdi, rəhbərlik isə onları kommersiya məqsədəuyğunluğu kimi əlavə bürokratik prosedurlardan azad etdi.

Cəmi bir il sonra, preparatın FDA tərəfindən təsdiqlənəcəyinə tam əmin olmadan şirkət gələcək istehsal üçün zavodlar axtarmağa başladı. Risk özünü doğrultdu və daha dörd il sonra – 2022-ci ildə preparat təsdiq aldı.

2023-cü ildə arıqlama preparatlarına maraq pik həddə çatmışdı və bazarın lideri Novo Nordisk idi. Lilly özünün Zepbound preparatını Wegovy-dən 20% ucuz qiymətə satışa çıxardı və pasiyentlərin dərmanı birbaşa ala bilməsi üçün LillyDirect platformasını istifadəyə verdi.

Lakin şirkət Novo Nordisk-in üzləşdiyi eyni problemlə qarşılaşdı: istehsal tələbi qarşılaya bilmirdi. Əsas çətinlik birdəfəlik inyeksiya qələmlərinin istehsalında idi. Buna görə Lilly Zepbound-u ampullarda satışa çıxarmağa başladı. Pasiyentlər preparatı özləri şprisə çəkərək inyeksiya etməli olurdular. Buna baxmayaraq, bazardakı kəskin çatışmazlıq səbəbindən müştərilər bu narahatlığı qəbul etdilər.

Bu addım Lilly-yə qiymətləri daha da aşağı salmağa və bazar liderliyini Novo Nordisk-dən almağa imkan verdi. Danimarka şirkəti isə dəyişən vəziyyətə kifayət qədər operativ reaksiya verə bilmədi.

Çoxsaylı risklər

Daha sonra Lilly öz imicini gücləndirməyə başladı, preparatlarının Medicare və Medicaid dövlət sığorta proqramlarına daxil edilməsi üçün lobbiçilik apardı və ABŞ ərazisində istehsala 27 milyard dollar sərmayə yatıracağı vədi ilə Donald Tramp administrasiyası ilə münasibətlərini möhkəmləndirdi.

Lakin bu addımlar şirkətin əsas problemini həll etmir. Eli Lilly arıqlama preparatlarının patent müdafiəsinin başa çatacağı günə intensiv hazırlaşır.

Şirkət eyni vaxtda bu bazarda liderliyini qorumağa, sürətlə böyüyən qeyri-qanuni peptid bazarı ilə mübarizə aparmağa, həmçinin yuxu pozğunluqları, onkologiya və gen terapiyası kimi perspektivli sahələrdə tədqiqatlara və biotexnoloji şirkətlərin alınmasına milyardlarla dollar xərcləməyə məcburdur.

Bundan əlavə, süni intellekt inqilabı da nəzərə alınmalıdır. Anthropic və OpenAI kimi şirkətlərin hazırladığı modellər gələcəkdə dərmanların yaradılmasında mühüm rol oynaya bilər. Buna görə də Lilly Nvidia ilə əməkdaşlıq çərçivəsində bu istiqamətdə öz hesablama infrastrukturunu formalaşdırıb.

Davam edən bu yarış şirkət daxilində də öz təsirini göstərir. İşçilər həddindən artıq iş yükündən, peşəkar tükənmişlikdən və mikromenecmentdən şikayət edir, həmçinin ciddi nəticələrə səbəb ola biləcək səhvlərdən ehtiyatlandıqlarını bildirirlər.

Buna baxmayaraq, bazar Eli Lilly-yə nikbin yanaşır. Analitiklərin konsensus proqnozu şirkət səhmlərinin qarşıdakı 12 ay ərzində təxminən 10% bahalaşacağını göstərir və onların böyük əksəriyyəti səhmlər üzrə “al” tövsiyəsini verir.

Lakin son illərdə analitiklərin fikirləri əvvəlki qədər yekdil deyil. Hədəf qiymətlər arasındakı fərq getdikcə artır və hazırda proqnozlar bir il üçün 26,5% enişdən 38,3% yüksəlişədək dəyişir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər