26 C
Baku
Saturday, July 27, 2024

Elman Rüstəmov manatın məzənnəsindən danışdı

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov 2017-ci ilin sonunadək manatın məzənnəsi üçün ciddi risklərin olmadığını bildirib.

“Cari ilin sonun kimi manatın məzənnəsi üçün ciddi risklər yoxdur. Deyərdim ki, manatın möhkəmlənməsi ehtimalı zəifləməsi ehtimalından daha çoxdur”, – deyə E.Rüstəmov bu gün keçirilən “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda konfransda bəyan edib.

O, manatın məzənnəsinin kəskin dəyişilməsinə dair müxtəlif proqnozları “konspiroloji nəzəriyyələr” adlandırıb. “İlin əvvəlindən manat ABŞ dollarına qarşı 4%-dən artıq bahalaşıb”, – deyə E.Rüstəmov qeyd edib.

Onun sözlərinə görə, 5 ay ərzində ölkədə üzən məzənnə rejimi siyasəti yürüdülür. Bu dövrdə Mərkəzi Bank manatın məzənnəsinin üzməsinə hər hansı bir müdaxilə etmir, tənzimləmə aparılmır. “Üzən məzənnəyə keçid müəyyən destabilizasiya ilə müşayiət olundu. Bu da bazar iştirakçılarının gözləntiləri ilə əlaqədar olub. Bu zaman manat kəskin ucuzlaşdı. Lakin, sonra bazar özü məznnəni tənzimlədi və o sabitləşdi”, – deyə E.Rüstəmov vurğulayıb.

O bildirib ki, bu gün valyuta bazarı “tələb yox, təklif bazarıdır”. “Manatın möhkəmlənməsinin öz təzyiqləri mövcuddur. Ölkənin orta və uzunmüddətli maraqlarını nəzərə alaraq deyə bilərik ki, manatın çox güclənməsi doğru olmazdı. Bu proses idxalın azalması və ixracın dəstəklənməsi üzrə hazırki tədbirləri nəzərə alaraq, tədiyyə balansı üçün problemlər yarada bilər”, – deyə E.Rüstəmov əlavə edib.

Son xəbərlər
Digər xəbərlər