14 C
Baku
Saturday, November 16, 2024

Elman Rüstəmov Dünya Bankının nümayəndə heyətini qəbul etmişdir

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Bunu Banker.az  Mərkəzi Banka istinadən xəbər verir. Görüş zamanı Dünya Bankının ölkədə həyata keçirilən iqtisadi islahatlara dəstək imkanları, Azərbaycan üzrə cari kredit portfeli və Mərkəzi Bank ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Görüşdə Azərbaycanın DB ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda rolunun daha da artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair ətraflı fikrilərini bölüşdü. O, ölkə Prezidenti cənab İ.Əliyevin ölkənin makroiqtisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair qaldırdığı məsələləri önə çəkərək bildirdi ki, 2015-ci ildə qlobal və regional səviyyədə gedən mürəkkəb iqtisadi proseslər dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərmişdir. Bununla əlaqədar milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi çağırışları daha da aktuallaşmış, makroiqtisadi siyasətdə adekvat dəyişikliklər həyata keçirilmişdir. Cənab Prezidentin tapşırığı və bilavasitə rəhbərliyi ilə ölkədə orta müddətli dövrdə milli iqtisadiyyatın yenidən balanslaşdırılması, özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə keçidin sürətlənməsi və bu əsasda daha dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsi istiqamətində Azərbaycan Hökuməti tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir. E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına ümidli olduğunu bildirdi.

Nümayəndə heyətinin rəhbəri xanım M.Tembonun ölkəmizin son qlobal çağırışlara adekvat reaksiya verilməsi istiqamətində atılan addımları, o cümlədən qeyri-neft sektorunun inkişafı, inklyuziv iqtisadi artım, maliyyə sabitliyinin, əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində görülən işləri xüsusilə vurğuladı. Xanım Tembo ölkəmizin, o cümlədən Mərkəzi Bankın DB ilə uzunmüddətli sıx əməkdaşlıq əlaqələrini müsbət dəyərləndirərək bu əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyətini önə çəkdi. Qeyd etdi ki, DB-nin 2016-2020-ci illər üzrə Azərbaycan ilə Ölkə Tərəfdaşlıq Strategiyası ölkənin inkluziv və dayanıqlı iqtisadi artımı, qeyri-neft sektorunun inkişafı üçün mühüm dəstək olacaqdır. Sənədin ölkəmizin orta və uzun müddətli strateji baxışına söykəndiyini qeyd edən xanım Tembon hazırki mürəkkəb qlobal iqtisadi şəraitdə DB-nin Azərbaycanın strateji tərəfdaşı kimi ölkəyə lazımı dəstək verəcəyini əminliklə vurğuladı.

Görüş zamanı ölkədə həyata keçirilən və DB tərəfindən maliyyələşdirilən layihələrin icra vəziyyəti, dünyada baş verən proseslərin inkişaf etməkdə olan ölkə iqtisadiyyatına təsiri, DB-nin yeni şəraitdə siyasəti, üzv ölkələrə dəstəyi, eləcə də əlavə dəstəyə ehtiyacı olan istiqamətlər kimi məsələlər də müzakirə olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər