Ötən il ölkədə maliyyə vasitəçiliyi və infrastrukturun inkişafı davam etmiş, milli iqtisadiyyatın maliyyələşməsi daha da dərinləşmişdir.
Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. O deyib ki, kredit alanların sayı təxminən 2 milyona çatıb, ölkədə 4,5 milyona qədər əmanətçi var. Bu gün əhalinin hər min nəfərinə 473 əmanətçi düşür. Bizim məqsədimiz hər bir yetkin yaşa çatmış insanın bir və ya bir neçə bank hesabının olmasıdır. Əhalinin bütövlükdə maliyyə sektoruna inteqrasiyası, ondan faydalanması istiqamətində son illərdə əhəmiyyətli işlər görülmüşdür. Ölkədə hər yüz min nəfərə düşən bank xidməti nöqtələrinin sayı 20-yə yaxınlaşır.
2014-cü ildə faiz dərəcələrinin azalması prosesinin davam etdiyini deyən Elman Rüstəmov son illərdə kreditlər üzrə faiz dərəcələrinin 18 faizdən hazırda 14 faizə düşdüyünü qeyd edib. Lakin bir sıra təminatçı istehlak kreditləri və mikrokreditlər üzrə faiz dərəcəsi nisbətən yüksəkdir və bizim burada görəcəyimiz hələ çoxlu işlər var.
AzərTac