“Azərbaycanda inflyasiyanın risk balansında artırıcı amillər hələ ki yüksək olaraq qalır”.
Banker.az xəbər verir ki, bunu press-konfransda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
AMB sədri bildirir ki, başlıca risk inflyasiya proqnozu ilə baza ssenarinin reallaşmaması və yüksək inflyasiya idxalının davam etməsidir ki, bu da əsasən dünya əmtəə bazarında qiymət artımlarının və tərəfdaş ölkələrdə inflyasiya təziyiqlərinin davam etdirilməsi, beynəlxalq təchizat zəncirində problemlərin qalması və aparıcı iqtisadiyyatlarda ərzaq ehtiyatlarının güclənməsi, habelə fiskal və monetar siyasətlərlə bağlı gözlənilən tədbirlərin alınmaması ilə əlaqədər ola bilər.
“İnflyasiya gözləntilərinin yüksək və həssas olması iqtisadi subyektlərin qiymət qoyma davranışına təsir göstərən mühüm risk mənbəyi olaraq qalır. Bərpa olunan fiskal qaydalar çərçivəsində balanslı dövlət büdcəsinə nail olunmaması və xərclərin maliyyələşməsində emisyon kanallarından istifadənin minimuma endirilməsi dayanıqlı makroiqtisadi sabitliyin mühüm amillərindən biri olaraq qalır.
İnflyasiya məhdudlaşdırıcı tədbirlərə ilk növbədə profisitli tədiyyə balansı və neft transfertlərinin artması ilə dəstəklənən milli valyutanın məzənnəsinin dayanıqlığı aiddir. Digər tərəfdən monetar siyasətlə bağlı qəbul edilmiş qərarların inflyasiya məhdudlaşdırıcı tədbirləri cari il ərzində davam etdirləcək”.
Bank sədri bildirir ki, Azərbaycan Prezidentin tapşırığı ilə hökumətin Mərkəzi Bank ilə hazırda üzərində işlədiyi antiinflyasiya tədbirləri də inflyasiyaya azaldıcı təsir göstərəcək.
“Tədbirlər ölkədə makroiqtisadi sabitliyin çərçivəsinin gücləndirilməsi, inflyasiya idxalının məhdudlaşdırılması, ölkədə istehlak malları, o cümlədən sosial əhəmiyyət daşıyan məhsulların istehsalının artırılması və təchizatın yaxşılaşdırılması, əsassız qiymət artımının məhdudlaşdırılması, habelə əhalinin həssas qrupunun sosial təminatının gücləndirilməsi kimi istiqamətlərdə işlənilir”.
Tədbirlər planı bitdikdən sonra yaxın günlərdə İqtisadı Şuraya təqdim edilməsi gözlənilir.
O, həmçinin konfransın gedişatında qeyd edir ki, məzənnə ilə bağlı risklər o qədər də yüksək deyil.
“AMB və Azərbaycan hökumətinin başlıca fokusu inflyasiyadır – qiymətlər sabitliyinin bərpa olunmasıdır. Onun (inflyasiyanın) məqbul intervala, yəni 4% səviyyəyə qaytarılmasıdır. Bunun da başlıca instrumentlərindən biri də valyuta bazarında sabitlikdir, dayanıqlıqdır. Biz yaxşı bilirik ki, manatın məzənnəsinin inflyasiya ötürücülüyü olduqca yüksəkdir. Belə olan şəraitdə inflyasiya yaxud desinfiliyasiya proqramasından danışmaq lazım deyil”.
O bildirir ki, 2022-ci və 2023-ci ildə məqsəd inflyasiyanın neytrallaşmasına və manatın alıcılıq qabiliyyətinə mənfi təsiri aradan qaldırmaqdır.
Sədrin bildirdiyinə görə, 2021-ci ildə qeyri-neft sektoru üzrə real effektiv məzənnənin 12%-dən çox bahalaşmasının çox ciddi antiinflyasiya (qiymət artımına qarşı) təsiri olacaq.