8 C
Baku
Monday, November 18, 2024

Elman Rüstəmovun dövründə bank sektorunda nə inkişaf etmədi?

Uzun müddət Mərkəzi Bankın rəhbəri vəzifəsində olmuş Elman Rüstəmovun vəzifəsini tərk etməsi Azərbaycanın xəbər məkanında böyük səs-küy yaratdı.Deyilənlərə görə, onun yerini hazırda Paşa Bank-ın İdarə Heyətinin sədri olan Taleh Kazımov tutacaq. O dünən Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyinat alıb.

Elman Rüstəmov demək olar ki, Azərbaycanın müstəqilliyi başladığı dövrdən bu vəzifədə idi. Onun savadlı bir şəxs olmasına dair çox insan rəy bilidirib və bizim buna şübhəmiz yoxdur. Burada söhbətimizi daha çox Elman müəllimin etmədiyi işlərdən salacağıq.

Əvvəla onu qeyd edək ki, Elman Rüstəmov bank sektoruna normal hesabatlılıq sistemini tətbiq edə bilməmişdir. Hələ ölkədə 2015-ci ildə devalvasiyalar baş verən zaman, bir çox bank hesabatları açıqlamırdı və bu səbəbdən onların müştəriləri bankın hansı vəziyyətdə olmasına dair məlumat ala bilmirdilər. Bu məsələ, banklara nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına verildikdən sonra oranın səyləri nəticəsində aradan qaldırılmışdır və hazırda demək olar bütün banklar o dövrdən etibarən rüblük hesabatlarını konkret tarixlərə qədər saytlarında dərc etməlidirlər.

İkinci məsələ, Elman Rüstəmovun rəhbərliyi dövründə, bank sektoru innovasiyalara açıq olmayıb. Bankların onlayn kreditləşmədən tutmuş, ödənişlərə qədər bütün sahələrində çox konservativ yanaşma ilə bütün kanalları bağlı olub. Banklar bu sahədə Mərkəzi Bankın tətbiq etdiyi qaydalara görə demək olarki heç bir yenilik edə bilməyiblər. Yəqin ki, buna səbəb bütün sektorda pul axınlarına nəzarətin daha güclü olması ilə bağlı idi – amma nəticə olaraq Azərbaycan bank sektoru qonşu ölkələrin bank sektorlarından xeyli geridə qalmışdır. Taleh Kazımovun kommersiya bankında işləməsini nəzərə alaraq, ümid edirik bu problemlərin çoxu ilə yerində tanış olduğundan, onların həllində adekvat addımlar atılacaqdır. Buna ümid böyükdür.

Elman müəllimin etmədiyi digər məsələ isə, ölkədə qiymətli kağızlar, birja və s. əməliyyatların tamamilə inkişaf etməsinin qarşısı alınmışdır. Bu bazarda nə Mərkəzi Bank nədə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ciddi iş görülə bilməyib. Hazırda bu bazarların nəinki qərb ölkələrində, hətta qonşu ölkələrdə sürətlə liberallaşdırılması, innovasiyaların tətbiqi prosesi gedir. Lakin Azərbaycanda bu bazar demək olarki yox səviyyəsindədir. Düzdür, bəzi investisiya şirkətləri bunu hansısa formada reallaşdırmağa çalışsada, bu proses qənaətbəxş vəziyyətdə deyil.

Mərkəzi Bank son illərdə Azərbaycanda olan bankların sayının azaldılmasında maraqlı olub. Yəni oyunu daha az oyunçu ilə idarə etmək daha rahat olar prinsipini əsas götürmüşdür. Bir tərəfdən zəif banklar bağlanıb, digər tərəfdən bazara yeni oyunçu buraxılmayıb. Mərkəzi Bankdan yeni bank lisenziyası son dövrlər alan olmayıb. BOKT lisenziyasını almaq isə olduqca çətinləşdirilib.

Odur ki, Taleh Kazımovun görəcəyi kifayət qədər köklü, strageji məsələlər vardır. Ona bu işdə uğurlar arzu edirik!

Son xəbərlər
Digər xəbərlər