12 C
Baku
Wednesday, December 11, 2024

Elman Sadıqov: “2021-ci ildə devalvasiya olarsa, qısamüddətli və aldadıcı faydası ola bilər”

Milli Məclisə göndərilən büdcə layihəsinə görə, 2021-ci il icmal büdcəsinin gəlirləri 23 828,1 milyon, xərcləri isə 31 163,4 milyon manat proqnozlaşdırılıb. 2021-ci ilin icmal büdcəsinin kəsiri 7 335,3 milyon manat nəzərdə tutulub. Növbəti il dövlət büdcəsinin gəlirləri 25 427,0 milyon manat, büdcəsinin xərcləri isə 28 543,0 milyon manat olacaq.

İqtisadçı Elman Sadıqov müsahibəsində büdcə layihəsi ətrafında yaranan sualları cavablandırıb.

– Elman müəllim, 2021-ci il büdcə layihəsini ilk nəzərdə necə dəyərləndirirsiz?

– Gələn ilin büdcəsi öncəki illərin büdcəsindən kəskin şəkildə fərqlənir. Bu, belə də olmalıdır. Çünki öncəki illərdən fərqli olaraq 2021-ci il özü ilə bir neçə qlobal qeyri-müəyyənlik və şoklar gətirir. Bunların başında pandemiya dayanır. Pandemiyanın nə vaxt bitəcəyi, vaksinlərin nə dərəcədə effektiv olacağı, koronavirusun mutasiyaya uğramış yeni növünün təsbit edilməsi kimi amillər qeyri-müəyyənliyi artırır. Hər bir halda pandemiya və ondan öncəki illərdə bir çox problemlərin yığılması nəticəsində dünya iqtisadiyyatında durğunluq, ressesiya (geriləmə) və böhran gözlənilir. Bu isə nəticə etibarilə neftin qiymətinə təsirsiz ötüşməyəcək.

Azərbaycan iqtisadiyyatı və büdcəsi üçün həlledici məqamlardan biri neftin qiymətidir. Dünya bazarında neftin qiyməti ölkə iqtisadiyyatına və büdcəsinə birbaşa təsir edən əsas faktordur. 2020-ci ildə OPEC+ koalisiyası bazara kifayət qədər nəzarət etmədi. Əgər OPEC+ koalisiyası bazara nəzarət mexanizmi yaratsa və 2020-ci ildə buraxdığı səhvləri təkrar etməsə, neft qiymətlərinin düşmə ehtimalını həmişə nəzərdə saxlasa, yəqin ki, qiymətlərdə kəskin eniş olmayacaq.

2021-ci il Azərbaycanda gözlər daha çox neft qiymətlərinə və OPEC ölkələrinin bu sahədə atacağı addımlara dikiləcək. Düşünürəm ki, neftin qiymətləri ilə bağlı ən gərgin vəziyyət ilin ilk 3 ayında olacaq. İlin ikinci rübündən (aprel-may) etibarən isə bu gərginlik nisbətən azalacaq.

Neftin Azərbaycan büdcəsində illik orta qiyməti 40 dollardan götürülüb. İlin birinci rübü ərzində neftə olan tələbin aşağı düşmə ehtimalı yüksəkdir. Amma hər bir halda OPEC+ ölkələrinin məsələyə daha rasional baxışları bizə ümid verir ki, dünyada neftin qiymətlərinin 2020-ci ilin birinci rübündəki kimi kəskin enişi və yaxud da nəzarətdən çıxmasına imkan verilməyəcək. Bu, çox önəmli və həlledici faktorlardan biridir.

– Büdcə layihəsinə baxanda devalvasiya riski görünürmü?

– Ümumiyyətlə, devalvasiya və büdcədə dolların manata olan kursu məsələlərinə yanaşmam öncəki illərdən nisbətən fərqlənir. Çünki 2021-ci il 2015-2017-ci illər deyil.

Birincisi, istər dünyada, istərsə də ölkəmizdə gərginlik və problemlər həddən artıq çoxdur. Azərbaycan müharibədən çıxmış ölkədir, üstəlik, pandemiyanın doğurduğu problemlər var. İqtisadiyyatda hər hansı qərar qəbul olunarkən mütləq onun mənfi və müsbət tərəflərinə baxılır.

Bir nüansı qeyd edim, hazırda devalvasiya ilə bağlı yazılan yazılar təəssüf ki, Azərbaycanda devalvasiya gözləntilərini artırır. Bu, mənfi tendensiyadır. Devalvasiya gözləntisinin artırılması və getdikcə çoxalması yönündə fikirlər devalvasiyanın özündən qat-qat təhlükəlidir. Çünki bu, həm gərginliyi, həm dollara marağı, həm də manata təzyiqi gücləndirir.

Hazırda devalvasiya ilə bağlı aparılan təhlillər 2015-2016-cı illərdəki təhlillərin təkrarı və ya “kopya”sıdır. Bu da doğru yanaşma deyil. Çünki hökumət qərar qəbul edərkən hər bir nüansı nəzərə alır. 2021-ci ildə devalvasiya olarsa, Azərbaycana qısamüddətli və aldadıcı faydası ola bilər. Burada təxminən 1-2 milyard manat həcmində faydadan söhbət gedir. Devalvasiyanın gətirəcəyi fayda zərərindən dəfələrlə aşağı olacaq.

Devalvasiya inflyasiya, qiymət artımı, sosial təzyiq, maaş və təqaüdlərin artımı zərurətini ortaya qoyacaq. Bəs bu xərclərin qarşısını almaq üçün bizə nə qədər əlavə vəsait lazım olacaq? Ona görə devalvasiya məsələsində çox ehtiyatlı olmaq lazımdır. Bu bir reallıqdır ki, iqtisadiyyatda devalvasiya da nəzərə alınır. Amma iqtisadiyyat devalvasiyada əhalinin psixoloji durumunun yükünü çəkməyə imkan verəcəkmi?

Hələlik devalvasiyanın müsbət tərəflərini qeyd edim. Azərbaycan iqtisadiyyatında adətən devalvasiyaya turizmin və ixracın artmasına xidmət edirdi. Mövcud vəziyyətdə hansı həcmdə devalvasiyaya gedilər-gedilsin turizm yoxdur. Pandemiyanın nə vaxt bitəcəyi məlum olmadığı kimi, turizmin də nə vaxt bərpa olunacağı bəlli deyil. Yəni hazırda devalvasiyanın turizmin artımında hər hansı faydasının olacağını demək absurd fikirdir.

İxraca gəlincə, sual olunur, bu gün konkret olaraq hansı məhsulu çox istehsal edirik, amma manatın kursu digər ölkələrə nisbətən baha olduğu üçün onu sata bilmirik? Hazırda əlimizdə qalan məhsul varmı? Bu gün Avropada, Yaponiyada avtomobil istehsal olunur, amma satışlar azaldığı üçün məhsullar anbarlarda yığılıb qalıb, hətta avtomobilləri qoymağa yer tapmırlar. Onlar məsələ qaldırırlar ki, avtomobillərin rəqabət qabiliyyətini artırmaq üçün milli valyutaları ucuzlaşsın.

Azərbaycanda məhz milli valyutanın məzənnəsinin baha olması səbəbindən əlimizdə qalan ixrac məhsulu yoxdur. Nəzərə alaq ki, pandemiya şəraitidir, müəssisələrin çoxu öz imkanlarından daha az işləyir. Mövcud vəziyyətdə dünyada istehlak mallarına olan tələbatdan başqa bütün məhsullara tələb azalıb.

– Sizcə, növbəti ilin büdcə layihəsində hansı dəyişikliklər edilməlidir?

– 2021-ci ilin büdcəsi əvvəlki illərin büdcəsindən fərqli olaraq daha çox vəziyyətdən çıxışa yönəlib. Büdcəyə işğaldan azad olunmuş bölgələrin bərpası üçün 2.2 milyard manat əlavə xərc də salınıb. Doğrudur, bu xərclərdən qorxmaq lazım deyil. Çünki həmin xərclərin demək olar ki, yarısı əlavə dəyər vergisi (ƏDV), gəlir, mənfəət vergisi və sair şəklində büdcəyə qayıdır. Bir sözlə, həmin xərclərin büdcəyə müəyyən faydası olacaq.

Hesab edirəm ki, dövlət büdcəsinin gəlirlər hissəsindəki komponentlər il ərzində dəyişəcək. Çünki 2021-ci il ərzində çox dəyişikliklərin olması proqnozlaşdırılır. Ola bilər ki, nəzərdə tutulan bəzi gəlirlər daha az, bəziləri də daha çox icra olunsun.

Pandemiya nəticəsində iqtisadiyyat bir ilə yaxındır ki, qapalıdır. 2021-ci il ərzində bunun gətirdiyi gərginliyi və zərəri maksimum kompensasiya etmək əsas hədəfdir.

– Dövlət borcuna xidmət xərcləri üçün 2021-ci il büdcədə 2.351,8 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Necə hesab edirsiz, dövlət borcu idarəolunan səviyyədə saxlanıla biləcəkmi?

– Bu məsələ ətrafında çox narahatlıqlar və fikir ayrılıqları var. Amma mən xüsusilə daxili borclanmadan qorxmuram.

Birincisi, daxili borclanma manatla həyata keçirilir. Digər tərəfdən, daxili borclanmada verilən faizlər ümummilli gəlirin artımına xidmət edir. Çünki bu gəlirlər maliyyə sektorunda hüquqi şəxslərə gedir. Əgər biz istiqrazların ikinci bazarını yarada bilsək, o gəlirlər əhaliyə də gedə bilər. Hər bir halda daxili borclanmada itki az olur. Verilən faizlər bir çox maliyyə sektorunda mənfəətin formalaşmasında rol oynadığı üçün müsbət amil hesab olunur. Önəmli olan məsələ daxili borclanmanın nəticələridir və bundan maksimum fayda çıxarmaqdır.

Ümid edirəm ki, Azərbaycanda qiymətli kağızlar bazarında ikinci bazar formalaşacaq və böyüyəcək. Bunun mexanizmləri var. İstiqrazların təkcə alınıb saxlaması yox, həmçinin daha aktiv bir şəkildə dövriyyəsi təmin olunmalıdır. Yəni daxili borclanmanı düzgün şəkildə idarə edə bilsək, Azərbaycanda məhz istiqrazlar bazarının formalaşmasına və inkişafına təkan verə bilər.

Əgər daxili borclanma iqtisadi artıma, əhalinin rifahına və yaxud əhalinin gəlirlərinin aşağı düşməməsinə, istehlakının azalmamasına xidmət edəcəksə, bu, böyük amildir.

2021-ci ildə bütün dünya ölkələrinin qarşısında duran ən önəmli məsələ iqtisadiyyatda dəyər zəncirinin qırılmaması, istehlakın və nağd pulların sürətli dövriyyəsinin aşağı düşməməsi, işsizliyin kəskin artmaması və əhalinin sürətlə yoxsullaşmasının qarşısının alınmasıdır. Bu, dünya iqtisadiyyatının əsas elementləridir. Əgər sadalanan amillərin olmasına imkan verməsək, bizim üçün çox böyük nailiyyətdir. Azərbaycan dövləti üçün daxili borclanma yüksək səviyyədə deyil. Ümumiyyətlə, mövcud vəziyyəti nəzərə alsaq borclanma və büdcə kəsiri deyildiyi qədər təhlükəli sayıla bilməz.

Son xəbərlər
Digər xəbərlər