Elon Musk “Tesla”nın 5-ci səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə veriləcəyini açıqlayıb

Bir neçə gün bundan öncə baş tutmuş Tesla Battery Day 2020 tədbiri çərçivəsində Elon Musk şirkətin planları barəsində danışmışdı. İlk növbədə o söz vermişdi ki, 2023-cü ildə Tesla şirkəti qiyməti 25.000$ olacaq elektromobil istehsal etməyə başlayacaq. Bununla yanaşı o bildirmişdi ki, yaxın zamanda Tesla elektromobillərində şirkətin fərdi istehsalı olan yeni növ batareyalardan istifadə olunacaq. Həmin batareyalar hal hazırda aktual olan batareyalardan 6 dəfə güclü olmalı və elektromobillərə daha çox yol qətt etmə imkanını yaratmalıdırlar.

Bununla yanaşı Elon Musk, Tesla şirkətinin avtopilot sisteminin inkişafı mərhələsindən danışıb və 5-ci səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə veriləcəyini söyləyib. Bu barədə Cnet saytı xəbər verib. Hal hazırda əksər elektromobillər 2-ci və ya 3-cü səviyyəli avtopilot sistemlərindən istifadə edirlər. 4-cü səviyyəyə sahib təkmilləşdirilmiş avtomobillər isə yalnız bəzi yollarda hərəkət edə bilirlər. Elon Musk dəfələrlə 5-ci səviyyəli avtopilot sistemindən danışıb. Lakin məhz indi o, bu cür avtopilot sisteminin nə zaman istifadəyə veriləcəyi barəsində məlumat verib.

 “Mən ümid edirəm ki, biz, tam avtopilot sisteminin beta versiyasını təqribən 1 aydan sonra təqdim edəcəyik. Həmin vaxtda insanlar dəyişikliklərin miqyasını həqiqətən də başa düşəcəklər. Siz görəcəksiniz ki, bu möhtəşəmdir” – deyə Musk bildirib. Musk həmçinin qeyd edib ki, mühəndislər avtopilot sisteminin bütün proqram təminatının kodunu yenidən yazmalı olublar. Yeni alqoritm hal hazırda Tesla elektromobillərində olan alqoritmdən tamamilə fərqlənir. Onun sözlərinə əsasən 2D təsvirlər əvəzinə yeni sistem 8 kameradan əldə olunan təsvirləri 3D formatında görə bilir. Bu isə öz növbəsində neyron şəbəkəsinin qəlizliyini yüksəldərək avtopilot sisteminin imkanlarını genişləndirəcək.