3 C
Baku
Monday, February 26, 2024

Əmək pensiyası yaşına çatmış işçi hansı hallarda işdən azad edilə bilər?

Vergi ödəyicilərini, eləcə də insan resursları üzrə mütəxəssisləri maraqlandıran məsələlərdən biri də pensiya yaşına çatmış işçilərin işdən azad edilib-edilməməsidir. İşəgötürən əmək pensiyası yaşına çatmış işçini işdən çıxara bilərmi? İşəgötürən yaşa görə əmək pensiyası yaşına çatmış işçini mütləq işdən azad etməlidirmi? bu və digər suallarına sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əsas tələblər Əmək Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənir. Eyni zamanda, həmin maddə üzrə əmək müqaviləsinə xitam verilməsinin xüsusi tələbləri isə sonrakı maddələrlə tənzimlənir və açıqlanır.

Məcəllənin 68-75-ci maddələri əmək müqavilələrinə xitam verilməsi ilə bağlı olan tələblərdir. Həmin maddələrdə işəgötürən tərəfindən, işçi tərəfindən, tərəflərin iradəsindən asılı olmayaraq və digər hallarda əmək müqaviləsinin ləğv edilməsi kimi hallar nəzərdə tutulub. Bu maddələrdə işçinin yaşa görə əmək pensiyasına çıxması ilə bağlı əmək müqaviləsinə xitam verilməsinə ancaq iki halda rast gəlirik.

Birinci hal kimi Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən qaydaya baxaq.

Maddədə göstərilib ki, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsasla ləğv edilə bilər:

-dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

Məcəllənin 10-1.1-ci maddəsində qeyd olunub ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

İkinci qayda isə Məcəllənin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi üzrə qaydalarda əks olunub. Maddəyə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

İndi isə yuxarıdakı maddələrin açıqlanmasına diqqət yetirək:

Deməli, işəgötürən işçini yaşa görə əmək pensiyası tələbi ilə işdən çıxara bilməz.

İşəgötürən ancaq dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən işçinin əmək müqaviləsinə çalışmanın yaş həddinə əsaslanaraq xitam verə bilər.

Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən işçilərin minimum çalışmasının yaş həddi, Əmək Məcəlləsinin 10-cu maddəsinə görə, 65 ildir və xüsusi tələblərlə artırılır.

Kommersiya qurumları, büdcədən maliyyələşən təşkilatlar, ümumiyyətlə, istənilən işəgötürən yaşa görə əmək pensiyasına çıxan işçini bu səbəblə işdən azad edə bilməz. Daha doğrusu, Əmək Məcəlləsində belə bir xitam maddəsi və ya bəndi yoxdur. Yaşa görə əmək pensiyasına əsaslanaraq əmək müqaviləsinə xitam verilməsi ancaq işçinin öz xahişi ilə həyata keçirilə bilər.

Deməli, yaşa görə əmək pensiyasına çıxmaq üçün yaşı çatmış, amma əmək müqaviləsinin müddəti qurtarmamış işçi ancaq öz ərizəsi ilə işdən azad edilə bilər.

Yaşa görə əmək pensiyalarının vaxtı, pensiya yaşı və digər məsələlər isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Odur ki, bu məsələlərdə işəgötürənlər diqqətli olmalıdırlar. Yəni bilməyərəkdən yaşa görə əmək pensiyasına çatmış və əmək müqaviləsinin müddəti başa çatmayan işçini birbaşa işəgötürənin tələbi kimi işdən azad etməməlidirlər. Əks halda işçi ilə əmək mübahisələri yaranacaq.

Ancaq işəgötürən işçi ilə birbaşa tərəflərin iradəsi və əlavə razılaşması əsasında, işçi yaşa görə əmək pensiyasına çatdıqda işdən azad edə bilər. Bu halda artıq əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2a maddəsi ilə, tərəflərin qarşılıqlı razılığına əsasən xitam veriləcək.

Bundan əlavə, təcrübədə işçinin yaşa görə əmək pensiyasına müəyyən müddət qaldıqda tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanılmasına rast gəlinir. Bu halda son tarix yaşa görə əmək pensiyasına düşən tarix olaraq razılaşdırılır. Belə hallarda işçinin pensiya yaşı çatdıqda artıq müddətli əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə müqaviləyə xitam verirlər.

Son xəbərlər
Digər xəbərlər