Azərbaycan Mərkəzi Bankı (AMB) əmək haqqının istənilən bankdan alınmasını ilin sonuna qədər mümkün etməyi hədəfləyir. Bu barədə AMB-nin sədri Taleh Kazımov iqtisadçı-ekspertlərlə görüşündə məlumat verib. Onun sözlərinə görə, bu istiqamətdə artıq texniki və hüquqi işlərə start verilib.
Bu təşəbbüs Azərbaycan maliyyə bazarında mühüm struktur islahatlarının bir hissəsi olaraq qiymətləndirilir. Əməkhaqqı kartlarının bir bankla məhdudlaşmasını aradan qaldırmaq həm də vətəndaşlara daha geniş seçim azadlığı verməkdir. Bu təşəbbüs həmçinin rəqabəti artırmaq və bank sektorunda xidmət keyfiyyətini yüksəltmək məqsədi güdür.
Məqsəd və Mahiyyət
Hal-hazırda bir çox hallarda əmək haqqı kartları işəgötürən müəssisə ilə əməkdaşlıq edən konkret bir bank vasitəsilə açılır. Bu hal, işçilərin maliyyə-kredit resurslarına çıxışını müəyyən bankla məhdudlaşdırır və onların digər bankların məhsul və xidmətlərindən istifadə imkanlarını azaldır. Eyni zamanda bir bankın müştərisi əmək haqqı məbləğini digər bankın bankomatından məxaric etdikdə komissiya itkisi ilə qarşılaşır. Bu qaydanın tətbiqi komissiya itkisinin aradan qaldırılmasına, bankomatlardan istifadə yükünün azaldılmasına, müəyyən ərazi, region, xüsusilə də, bankomat şəbəkəsinin zəif inkişaf etdiyi ərazilərdə bir banka məxsus olan bankomatdan asılılığı aşağı endirməyə yardım edəcək ki, bu da bankomatların iş yükünün nisbətən azalması ilə onların daha gec sıradan çıxmasına, əlavə təmir və xidmət xərclərinin azalmasına müsbət təsir etmiş olacaq. Həmçinin, yeni təşəbbüs istər dövlət, istərsə də özəl sektorda çalışan işçilərin əmək haqqısını istədiyi bankın hesabına yönləndirə bilməsinə şərait yaradacaq.
Təşəbbüs qəbul edildiyi təqdirdə gözlənilən müsbət məqamlar
- Rəqabətin artması: Banklar daha çox müştəri cəlb etmək üçün xidmətlərini təkmilləşdirəcək və əlavə güzəştlər (cashback, faizsiz kredit limiti və s.) təklif etməyə çalışacaqlar.
- İstifadəçi azadlığının artması: Vətəndaşlar öz istəklərinə uyğun olaraq, şərait və xidmətlərinə görə bank seçimi edə biləcəklər.
- Xidmət keyfiyyətində yüksəliş: Rəqabət mühiti bankları texnologiya və xidmət sahəsində innovasiyalara təşviq edəcək.
- Xərclərin azalması: İşçi üçün daha sərfəli kartlar və xidmət şərtləri seçmək imkanı yaranacaq. Bəzi məhsul və xidmələr üzrə komissiyalar sıfıra endirilə bilər.
- Maliyyə daxil olmalarının mərkəzləşdirilməsi: Şəxslər bütün gəlirlərini bir bank hesabında toplayaraq büdcələrini daha rahat idarə edə biləcəklər.
- Bankomat şəbəkəsinin yükünün azalması. Vəsaitlərin məxaric prosesinin müxtəlif Banklara məxsus bankomatlardan icra edilməsi bankomat şəbəkəsinə düşən yükün bərabər paylanmasına yardım edəcəkdir.
- İnhisarçılığın və mərkəzləşmənin azalması. Bugünkü bazarda olan şərtlərin dəyişməsinə, digər kommersiya banklarının da əmək haqqı layihələrində daha yaxından iştirak etməsinə şərait yaradacaqdır.
Yarana biləcək çətinliklərə aşağıdakı məqamları misal çəkmək olar.
- Texniki problemlər: İşəgötürənlər üçün birdən çox bankla işləmək müəyyən texniki və əməliyyat çətinlikləri yarada bilər, xüsusilə də KOB-lar (kiçik və orta bizneslər) üçün.
- Banklararası əlaqələrin gücləndirilməsi tələbi: Banklar arasında əmək haqqı köçürmələrinin real vaxtda və şəffaf şəkildə baş verməsi üçün güclü infrastruktur tələb olunur.
- Hüquqi və normativ tənzimləmə zərurəti: İşəgötürənin əmək haqqını konkret bank vasitəsilə ödəməsi ilə bağlı hazırkı müqavilə öhdəlikləri və prosedurlar qanunvericilikdə yenidən nəzərdən keçirilməlidir.
AMB-nin bu təşəbbüsü vətəndaşın maliyyə seçim azadlığını artırmaq baxımından olduqca mütərəqqi addımdır. Rəqabət və şəffaflıq prinsiplərinə əsaslanan bu yanaşma, gələcəkdə bank sektorunun daha dayanıqlı və müştəriyönümlü formalaşmasına təkan verəcək. Bununla belə, texniki, hüquqi və təşkilati aspektlərdə koordinasiya və hazırlıq işləri uğurla başa çatdırılmalı, xüsusilə kiçik işəgötürənlərin uyğunlaşması üçün keçid dövrü və dəstək mexanizmləri nəzərdə tutulmalıdır.
İlin sonuna qədər bu sistemin reallaşması, həm maliyyə inklüzivliyi, həm də bank müştəriləri üçün daha ədalətli oyun qaydalarının formalaşmasına imkan yaradacaq.
Bank məsələləri üzrə ekspert
Emin Kərimov