8 C
Baku
Monday, November 18, 2024

Əmək qabiliyyətini müvəqqəti itirən bəzi şəxslərin alacağı müavinət artır – HESABLAMA QAYDASI

Nazirlər Kabinetinin 14 mart 2024-cü il tarixli, 158 saylı qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarına dəyişikliklər edilib.

Dəyişikliklərdən biri də işçinin əsas və əlavə iş yeri olduğu zaman müavinətin hesablanması ilə bağlıdır. Bunun hesablanma qaydasının necə olduğu bir çox vətəndaşlarda sual yaratdığından iqtisadçı-ekspert Nüsrət Xəlilov açıqlama verib.

N.Xəlilov bildirib ki, işçinin əsas və əlavə iş yerində işləməsi zamanı müavinətin hesablanması “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 41-ci bəndində müəyyən olunmuşdu:

“Dəyişiklikdən öncə, həmin bəndə əsasən, işçi əsas iş yerindən əlavə, başqa müəssisədə də müqavilə üzrə işləyirdisə, bu zaman müavinət işçinin hər iki iş yerində aldığı ümumi qazancın əsasında hesablanır və əsas iş yerində müəyyən olunmuş stavkanın ikiqat məbləğindən artıq olmamaq şərti ilə ödənilirdi.

Nazirlər Kabinetinin 14 mart 2024-cü il tarixli 158 nömrəli Qərarına əsasən, Əsasnaməyə dəyişiklik edilib və yuxarıdakı 41-ci bənd Əsasnamədən çıxarılaraq aşağıdakı redaksiyada yeni bənd əlavə edilib:

Sığortaolunan əsas iş yerindən əlavə, başqa iş yerində (yerlərində) muzdlu işə aid olan fəaliyyətdən qazanc əldə edərsə, bu zaman müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün sığortaedənlər tərəfindən hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda hesablanır və ödənilir. Qalan günlər üçün isə müavinət sığortaolunanın həm əsas, həm əlavə iş yeri (yerləri) üzrə ümumi qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir”.

Ekspert oxuculara daha aydın olsun deyə nümunə üzərində ətraflı izah edib:

“Məsələn, işçi əsas və əlavə iş yeri olmaqla iki iş yerində çalışır. Əsas iş yerində o, 700 manat, əlavə iş yerində isə 400 manat əməkhaqqı alır. 10 gün müddətinə əmək qabiliyyətini müvəqqəti itirib. Bu nümunə dəyişikliklərdən öncə belə hesablanırdı:

İşçi əsas iş yerindən əlavə, başqa müəssisədə də əmək müqaviləsi üzrə işləyirdisə, bu zaman müavinət işçinin hər iki iş yerində aldığı ümumi qazancın əsasında hesablanaraq ödənilirdi. Lakin qazanc məbləği əsas iş yerində müəyyən olunmuş stavkanın ikiqat məbləğindən artıq olmayaraq nəzər alınırdı.

Nümunəmizdə işçinin gəlirinin əsas iş yerində 700 manat, əlavə iş yerində 400 manat olduğunu nəzərə alaraq, hesablama əsas və əlavə iş yeri üzrə qazancın cəmindən, yəni 1100 manat üzərindən əsas iş yerində aparılırdı (əsas iş yeri üzrə stavkanın iki qatından artıq olmadığı üçün). Əlavə iş yerinin qazancı 2000 manat olsa idi, bu halda, əsas iş yeri üzrə stavkanın iki qatından artıq olan hissəsi hesablamada nəzərə alınmırdı. Əlavə iş yerinin qazancı 2000 manat olsa da, 1400 (700 x 2) manat hesablamada nəzərə alınacaqdı.

Lakin edilən dəyişikliklərdən sonra nümunə üzrə hesablanma prosesi aşağıdakı kimi aparılacaq:

Müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün sığortaedənlər (əsas və əlavə iş yeri üzrə) tərəfindən hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda hesablanıb ödəniləcək. Yəni təqdim edilmiş xəstəlik vərəqəsi əsasında əsas iş yeri üzrə 700 manat üzərindən, əlavə iş yeri üzrə isə 400 manat üzərindən hər bir iş yeri tərəfindən ayrı-ayrılıqda hesablama aparılacaq və işçiyə müəyyən olunmuş formada müavinət ödəniləcək. Bu isə əsas və əlavə olmaqla bir neçə iş yerində çalışan işçinin əlavə iş yerləri üzrə gəlirlərinin hesabına əsas iş yeri üzrə işəgötürənin xərclərinin artmasının qarşısını alacaq. Həmçinin, işçinin əlavə iş yeri üzrə qazancının tam formada nəzərə alınması ilə işçinin əldə edəcəyi müavinət məbləğinin artmasına səbəb olacaq.

Nümunəmizə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi 14 gündən az olduğu üçün əsas və əlavə iş yerlərinin müvafiq komissiyası tərəfindən ayrı-ayrılıqda müavinət hesablanaraq işçiyə ödəniləcək. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi 14 gündən sonra da davam etsə idi, bu halda, 14 gündən sonrakı müddət əsas və əlavə iş yerlərinin qazancı əsasında əsas iş yeri tərəfindən müvafiq quruma müraciət edilməklə sosial sığorta haqları hesabına ödəniləcək. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 günü üçün həm əsas, həm də əlavə iş yeri (yerləri) üzrə sığortaedənin müvafiq komissiyası tərəfindən, 14 gündən sonrakı günlər üçün isə əsas iş yeri üzrə sığortaedənin müvafiq komissiyası tərəfindən əlavə iş yerinin gəlirləri də nəzərə alınmaqla təyin ediləcək.

İşçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini əsas iş yerinə təqdim edəcək. Müdiriyyət xəstəlik vərəqəsinin müvafiq bölmələrində lazımi qeydlər edərək xəstəlik vərəqələrini (siyahı üzrə) müavinətin təyin olunması üçün müavinəti təyin edən komissiyaya təhvil verəcək. İşçinin əlavə iş yeri (yerləri) olduğu halda isə o, əsas iş yeri tərəfindən xəstəlik vərəqələrinin təsdiqlənmiş surətini əlavə iş yerinin (yerlərinin) müdiriyyətinə təqdim edəcək.

Beləliklə, ilk 14 gün üçün təqdim edilmiş xəstəlik vərəqəsi əsasında həm əsas, həm də əlavə iş yeri (yerləri) üzrə sığortaedənin müvafiq komissiyaları tərəfindən müavinət təyin edilərək işçiyə ödəniləcək”.

Mənbəoxu.az
Son xəbərlər
Digər xəbərlər