-1 C
Baku
Friday, February 21, 2025

Əmək qabiliyyətinin itirilməsi hallarından sığortaya dair qanunvericiliyi pozanlar cərimələnəcəklər

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununun tələblərinin pozulmasına görə inzibati məsuliyyət müəyyənləşir.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsinə görə cərimələr müəyyənləşir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə ediləcək.

Şəxs həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktını gizlədənlər üçün isə cərimələr artırılır. Layihəyə əsasən, işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə ediləcək.

Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə min beş yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə ediləcək.

Qüvvədə olan Məcəlləyə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə görə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Eyni zamanda layihəyə əsasən sığorta qaydaları, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulmasına görə inzibati tənbehin, inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilmə imkanı nəzərdə tutulur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər