Son illərdə əməkhaqqından aliment ödəyən vətəndaşların sayı artdığından bu tutulma ilə bağlı suallar da artıb. Sorğular daha çox alimentin hansı gəlirlərdən və əməkhaqqının hansı hissəsi qədər tutulması, eləcə də həmin məbləğin gəlirin hansı hissəsindən hesablanması ilə bağlıdır.
Əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova mövzuya aydınlıq gətirir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 176-cı maddəsinin 1-ci bəndinə əsasən, hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli əməkhaqqının 20 faizindən, müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50 faizindən artıq ola bilməz.
Həmin müddəanın 3-cü bəndində göstərilib ki, bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi zamanı işçiyə verilən əməkhaqqından məbləğlərin tutulmasına şamil edilmir. Belə hallarda tutulmaların məbləği işçiyə verilməli əməkhaqqının 70 faizindən çox ola bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarı ilə “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin Növləri” təsdiqlənib. Sənədə əsasən, uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əməkhaqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur:
– Əməkhaqqına olan bütün növ əlavələrdən;
– İş vaxtından artıq vaxtda görülən işə görə, habelə istirahət, səsvermə və iş günü hesab edilməyən bayram günlərində, eləcə də Ümumxalq Hüzn Günündə görülən işə görə verilən əməkhaqqından;
– İşçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələrdən;
– Müvəqqəti əvəzetməyə görə ödəmədən;
– Qanunvericiliklə işçilərin iş yerlərinin və orta əməkhaqqının saxlanıldığı, əvvəlki əməkhaqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanıldığı hallarda ödənilən haqdan;
– Xidmət illərinə görə işçiyə verilən birdəfəlik mükafatlardan;
– Əmək müqaviləsinə xitam verilərkən ödənilən işdənçıxarma müavinətindən və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əməkhaqqından;
– İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə əlaqədar əmək qabiliyyətini itirmiş şəxslərə dəymiş zərərə görə ödənilən ödənclərdən.
Aliment işçinin aşağıdakı gəlirlərindən tutulmur:
– Yubiley və bayram günləri, doğum günləri ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdən (mükafatlar da daxil olmaqla);
– Əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortizasiyasına görə pul əvəzindən;
– Maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdən;
– Ezamiyyət ilə bağlı verilən ödəmələrdən, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələrdən, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə verilən ödənişlərdən;
– İşçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə profilaktika qidalarının dəyərindən;
– Qanunvericiliklə nəzərdə tutulmuş hallarda pulsuz qidaların (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəəti hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər) dəyərindən;
– Sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyərindən;
– Başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üçün ödənilən xərclərdən;
– İşəgötürən tərəfindən istehsalatdan tam və ya qismən ayrılmaqla ixtisasartırma kurslarına göndərilmiş işçilərə ödənilən təqaüdlərdən.
Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarının 7-ci bəndinə əsasən, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. İlk baxışdan qərarda “vergilər” deyildikdə, yalnız fiziki şəxslərin gəlir vergisinin, yoxsa digər icbari ödənişlərin də nəzərdə tutulub-tutulmadığını anlamaq olmur. Burada “vergilər” dedikdə, şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür və bu anlayışa digər məcburi tutulmalar aid edilmir.
Misal 1: İşçinin aylıq əməkhaqqı 2.000 manatdır və qeyri-dövlət (özəl) sektorunda fəaliyyət göstərir. Məhkəmə tərəfindən işçinin aylıq əməkhaqqından 25% aliment tutulması barədə qərar qəbul edilib. Bu halda aliment məbləğini hesablayaq.
Nazirlər Kabinetinin adıçəkilən qərarına əsasən, öncə əməkhaqqından gəlir vergisi çıxılmalıdır:
(2.000 – 200) x 3% = 54 manat (gəlir vergisinin məbləği).
Aliment məbləğini tapmaq üçün əməkhaqqından gəlir vergisini çıxıb məhkəmənin təyin etdiyi faiz dərəcəsinə vurmalıyıq:
(2.000 – 54) x 25% = 486.5 manat (aliment məbləği).
İşçiyə çatacaq əməkhaqqını hesablayaq:
2.000 – 486.5 = 1.513,5 manat;
Məcburi dövlət sosial sığorta haqqı: 6 + (1.513,5 – 200) x 10% = 137.35 manat;
İşsizlikdən sığorta haqqı: 1.513,5 x 0,5% = 7.57 manat;
İcbari tibbi sığorta haqqı: 1.513,5 x 2 % = 30.27 manat.
İşçiyə çatacaq əməkhaqqı:
2.000 – (54 + 486.5 + 137.35 + 7.57 + 30.27) = 1.284,31 manat.
Misal 2: Dövlət sektorunda fəaliyyət göstərən işçinin aylıq vəzifə maaşı 1.500 manatdır. Yanvar ayında bayram günü işə cəlb edilməsinə görə ona 100 manat, həmçinin ad günü münasibətilə 200 manat əlavə ödəniş edilib. Beləliklə, ay ərzində işçinin ümumi əməkhaqqı məbləği 1.800 manat təşkil edib. Məhkəmə tərəfindən işçinin aylıq əməkhaqqından 20% aliment tutulması barədə qərar qəbul edilib. Bu halda, aliment məbləği hesablanarkən işçinin bayram günü işə cəlb edilməsinə görə aldığı 100 manat nəzərə alınacaq, ad günü münasibətilə verilən 200 manat ödəniş isə nəzərə alınmayacaq:
1.500 + 100 = 1.600 manat;
(1.600 – 200) x 14% = 196 manat (gəlir vergisinin məbləği);
(1.600 – 196) x 20% = 280.8 manat (aliment məbləği).
İşçiyə çatacaq əməkhaqqını hesablayaq:
1.800 – 280.8 = 1519,2 manat.
Məcburi dövlət sosial sığorta haqqı: 1.519,2 x 3% = 45.58 manat;
İşsizlikdən sığorta haqqı: 1.519,2 x 0,5% = 7.60 manat;
İcbari tibbi sığorta haqqı: 1.519,2 x 2 % = 30.38 manat;
İşçiyə çatacaq əməkhaqqı:
1.800 – (280.8 + 45.58 + 7.60 + 30.38) = 1.435,64 manat.
Mövzu ilə bağlı rəsmi mövqeyi də öyrəndik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin Növləri”nin 7-ci bəndinə əsasən, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır: “Burada “vergilər” dedikdə, şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür və bu anlayışa digər məcburi tutulmalar aid edilmir. Buna əsasən, alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər tutulduqdan sonra qalan məbləğdən aliment tutularaq onu alan şəxsə ödənilir. Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları isə aliment ödənildikdən sonra qalan məbləğdən tutulur. Hesablamalar Vergi Məcəlləsinin 98-ci maddəsi, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına əsaslanır”, – deyə açıqlamada vurğulanıb.





