Əmanətlərin Sığortalanması Fondu (ƏSF) yaradıldığı gündən 2025-cü il yanvarın 1-dək ləğv prosesində olan 19 bank üzrə ümumilikdə 1 milyard 717,521 milyon manat kompensasiya ödəyib.
Fondun məlumatına əsasən, bu məbləğ 62 520 əmanətçiyə ödənilib.
“Yaxın keçmişə nəzər salsaq, ölkəmizdə koronavirus (COVID-19) pandemiyası səbəbindən sərt karantin rejimi tətbiq edilib, eyni zamanda Ermənistanın Azərbaycana qarşı silahlı hücumları və hərbi təxribatları nəticəsində 2020-сi ilin sentyabrın 28-də ölkə ərazisində hərbi vəziyyət elan edilib. Bu çətin şəraitdə ƏSF sığorta hadisəsi baş vermiş 4 bankın, növbəti illərdə isə daha 2 bankın ləğvedicisi təyin olunaraq qısa müddətdə əmanətçilərə külli miqdarda kompensasiya ödənişlərini həyata keçirib. Bununla da Əmanətlərin Sığortalanması Fondu fəaliyyət tarixində ilkə imza atmışdır.
Beləliklə, 2020-2024-cü illər ərzində ləğv prosesində olan 6 bank üzrə 35 020 qorunan əmanətçiyə ümumilikdə 897,582 milyon manat kompensasiya ödənilib”, – deyə məlumatda qeyd olunub.