“Embafinans” QSC-nin direktoru Nahid Hüseynovun Banker.az-a müsahibəsini təqdim edirik:
– İlk olaraq, özünüz haqqında məlumat verə bilərsinizmi?
Nahid Şahin oğlu Hüseynov, 1990-cı il təvvəlüdlüyəm, Bakıda doğulmuşam və orta məktəbi Bakıda bitirmişəm. Bakalavr təhsilimi maliyyə və kredit sahəsində almışam. 2013-cü ildən etibarən BOKT “Embafinans” QSC kollektivinə qatılmışam. 2013 – 2020-ci illər ərzində Kredit şöbəsində çalışıb, 2020 – 2021-ci illər ərzində Daxili nəzarət və hesabatlılıq şöbəsinin rəhbəri, 2021 – 2023-cü illər ərzində isə Risklərin idarə edilməsi şöbəsinin rəhbəri vəzifələrində çalışmışam.
2023-cü ildən başlayaraq İdarə Heyətinin üzvü olmuşam. 2024-cü ilin aprel ayında BOKT “Embafinans” QSC-nin direktoru təyin olunub, bu günə qədər həmin vəzifəni icra edirəm…
– Sizcə, yaxşı lider hansı keyfiyyətlərə malik olmalıdır?
Lider hər aspektə və məsələlərə yeni rakursdan baxmaq, qeyri-adi ideyaya şans vermək, müxtəlif mənbələrdən gələn bütün rəy və təklifləri diqqətlə dinləmək bacarığına malik olmalıdır. Bu həm də yeni təcrübədən qorxmamaq, səhv etmək və yenidən cəhd etmək istəyidir. Səbrli olmalıdır.
– Komanda işini və uğurlu fəaliyyəti yaxşılaşdırmaq üçün əsas üç amil hansılardır?
- Vaxtında və düzgün kommunikasiya
- Komanda üzvlərinin hər birinin əsaslı şəkildə mövqeyinin təyin olunması və fikirlərinin dinlənilməsi
- Qarşılıqlı məsuliyyət
– BOKT Embafinans QSC-nin fəaliyyətində dəyişikliklər gözlənilir? Əgər gözlənilirsə, nədən ibarət olacaq?
Rəqəmsallaşma günün tələbidir. Bu sahədə sürətlə irəliyə doğru iri addımlarla getmək niyyətindəyik. Hazırda bütün kredit məhsullarımızın satışında, müştərilər ilə olan kommunikasıyamızda rəqəmsal yanaşmanı implementasiya edirik. Təbii ki, bu mərhələli şəkildə baş tutacaq və şirkət fəaliyyətinin tam şəkildə rəqəmsal platformalardan idarə olunması müəyyən zaman və xərc tələb edəcək. Lakin biz o məqsədi təyin edib ona doğru gedirik.
Təşkilatımız açıqladığımız rəsmi audit hesabatlarından da göründüyü kimi günü-gündən böyüyür və mənfəətli çalışır. İstənilən dəyişikliklər müsbət nəticələr və uğur əldə etmək naminə olunur.
– Hazırda gecikməyə düşən müştərilərin tarixçəsi gələcəkdə Embafinans xidmətlərindən yararlanmaqda problem yaradacaqmı?
Qeyd etmək istərdim ki, Embafinans olaraq kredit rəsmiləşməsində daha detallı şərtlər üzərindən fəaliyyət göstəririk. Gecikməsi olan və Bank-lar tərəfindən kredit rəsmiləşməsində imtina alan müraciətçilər bəzi hallarda bizim xidmətlərdən yararlana bilirlər. Təbii ki, bu hallar daha dəqiq və ətraflı analiz olunandan sonra baş verə bilir.
– Yaxın zamanda yeni biznes tərəfdaşlarının cəlb olunması gözlənilirmi?
Hazırda bazarda olan BOKT-ların içində, bunu tam əminliklə söyləyə bilirik, dayanıqlı, sadiq və keyfiyyətli məhsul və xidmətləri ilə şeçilən tərəfdaş portfeline sahibik. “B2B” biznes modelinin qaydaları, tələbləri və üstünlüklərini daha öndə tutaraq, tərəfdaşlıqlarımız qarşılıqlı etibar və etimad üzərində qurulur.
Daima olaraq yeni tərəfdaşlar ilə iş birliklərinə başlayırıq, bu yaxınlarda ölkəmizdə mebel və aksesuar sahəsində dünyaca məşhur iki brend ilə iş birliyinə başlayırıq. Vətəndaşların evlərinin rahatlığını qurmaqda bizim payımızın olmasını bilmək çox qürurvericidir.
– Kredit verilməsində nə kimi problemlər yaşanır və onlar necə həll olunur?
Kredit müraciətlərinin sayı gündəlik olaraq artır, xidmət nöqtələrimizdən, filiallarımızda və ən əsası saytımızdan kredit müraciətləri dayanmadan daxil olur. Müraciətçilərin bəzi hallarda ilkin tələblərə uyğun gəlməməsi və ya tələb olunan məlumatların gec təqdim etməsi bəzi hallarda rəsmiləşmədə ləngimə verə bilər.
– “Online” kredit verilməsi prosesi necə tənzimlənir?
Hazırda kreditin “online” şəkildə “end to end” prinsipində verilməsi üzərində işlər aparırıq. Ölkəmizin innnovativ texnologiyaların inkişafı biz və bizim kimi şirkətlərin işlərində yardımçı olur. Yaxın zamanda Embafinans rəqəmsal həllərin istifadəsi ilə müraciətçilərimizin kredit almasında tam rahatlıq yaradacaq.
Hazırda Embafinans-ın rəsmi saytında “kredit müraciəti” bölməsində vətəndaşlarımız sorğu göndərirlər, əməkdaşlarımız tərəfindən sorğular emal olunur və vətəndaşlara geri dönüş olunur.
Müraciət sayının çoxluğu bəzi hallarda geri dönüşlərin ləngiməsinə gətirir, lakin bu problem ən tez zamanda aradan qalxacaq.
– Kiçik və orta sahibkarlara mikro-biznes kreditlərinin verilməsində hansı dəyişikliklər tədbiq olunacaq?
BOKT Embafinans QSC-nin “Biznes krediti” məhsulu nisbətən “cavan” olmasına baxmayaraq, artıq sahibkarlar arasında müəyyən tələb qazanan məhsulumuza dönüb. Hazırda qeyd olunan məhsul çərçivəsində “İnvoys Faktorinq” məhsulunuda təqdim edirik.
Bu məhsulumuz sahibkarlara ticarət əməliyyatlarını güzəşt dövrü ilə edən halda, invoyslarının maliyyələşdirilməsini məhsulu satışı icra edən andan etibarən pul vəsaitini əldə etmək imkanını yaradacaq. “B2B” münasibətlərinin əsas alətlərində biri olan bu məhsul artıq Embafinans tərəfindən də bazarda təqdim olunur və uğur qazanan məhsullarımızdan sayılır.
– Sosial layihələri həyata keçirməyi düşünürsünüz?
Embafinans 12 illik fəaliyyət dövründə daima olaraq Korporativ Sosial Məsuliyyət çərçivəsində müxtəlif layihələr həyata keçirib. Hətta fəxr hissi ilə qeyd etmək istərdim ki, şirkətimizin bu tip aktivitələrinin hazırlanması üçün müxtar olaraq “İstiqanli Olaq” adlı layihəsi mövcuddur. Bu layihə çərçivəsində qanvermə, yaşıllaşdırma, sağlamlıq ,yardım və donasiya layihələri də həyata keçib. Hətta pandemiya zamanı, Embafinans aztəminatlı ailələri unutmadı.
Bu il də, həmişə olduğu kimi, şirkətimiz bir sıra bu yönlü layihə hazırlamaqdadır, və ilin sonuna qədər həyata keçirmək məqsədini qoyub.