16 C
Baku
Friday, November 22, 2024

Emin Ağalarov: “Crocus”a bənzər konsert zalının tikintisi üçün ən azı $150 mln. lazımdır

Krasnoqorsk şəhərində yanmış “Crocus City Hall”a bənzər konsert zalını $150 milyondan aşağı qiymətə tikmək mümkün deyil. “Crocus Qrup”un sahibi Araz Ağalarovun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov belə hesab edir.

“Xatırladığım qədər, 15 il əvvəl “Crocus City Hall”un tikintisi atam Araz Ağalarova təxminən $70 milyona başa gəlib. Bu gün hesab edirəm ki, $150 milyondan aşağı qiymətə belə bir zalı tikmək mümkün deyil”, – deyə o, “Rossiya 24” kanalının efirində bildirib.

E.Ağalarov qeyd edib ki, bina sığortalanıb, lakin sığorta məbləği dəymiş ziyanın 1/30 ya da 1/40 hissəsidir.

O, həmçinin “Crocus City Hall”un “Qazprombank”da girov qoyulduğunu da təsdiqləyib.

E.Ağalarov “Crocus City Hall”un sahiblərinin binanın gələcək taleyi ilə bağlı qərar verib-verməməsi məsələsinə də aydınlıq gətirib.

“Xeyr, qərar verilməyib. Düşünürəm ki, qərar vermək hüququ olan tək biz deyilik. (…) Biz zalın bərpası və ya onun başqa yerdə olması ilə bağlı qubernatorun, hakimiyyətin, ola bilsin ki, cənab Prezidentin rəyini və ölkəmizin xalqının ümumi rəyini əsas götürəcəyik. Hesab edirəm ki, bu suala təkbaşına cavab verə bilmərəm, bu, kifayət qədər tezdir”, – deyə şirkətin prezidenti vurğulayıb.

“Mən bərpa və quruculuğun tərəfdarıyam”, – deyə Ağalarov əlavə edib.

Xatırladaq ki, martın 22-də axşam saatlarında “Crocus City Hall” konsert zalında terror aktı törədilib: bir neçə silahlı şəxs ziyarətçilərə atəş açıb və yanğın törədib. Rusiya FHN-in martın 27-nə olan məlumatına görə, terror aktı nəticəsində 143 nəfər həlak olub.

Son xəbərlər
Digər xəbərlər