“Təqdim edilən xəritələrin dəqiqliyinə də tam əmin olmaq təhlükəlidir. Bir ildir ki, Ağdam işğaldan azad olunub, amma bu yaxınlarda elektrik xətti çəkməyə müyəssər olduq. Bunun səbəbi o idi ki, həmin o keçmiş təmas xətti dediyimiz ərazi o qədər partlamamış hərbi sursatlarla, piyada və tank əleyhinə minalarla dolu idi. Eni 5 kilometr olan bir zolaqda minalar sanki yük maşınından yerə boşaldılmışdı. Yəni ərazini təmizləmək çox çətindir”.
Bu fikirləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ermənistanın mina xəritələrini tam verməməsinin bu yaxınlarda aparılan tikinti-quruculuq işlərinə mane olması barədə suala cavabında bildirib.
“O ərazilər həm də hamar deyil. Çoxlu müdafiə istehkamları qurulub və orada hərbi terminologiya ilə desək, xeyli vallar var. Buna görə də, mina əleyhinə xüsusi maşınların istifadəsi çox çətinləşib. Orada minaaxtaran aparatlarla araşdırma, itlərlə axtarış aparmaq çox çətindir. Bu ərazilər daha çox manual olaraq, yəni əllə minalardan təmizlənir”, – Emin Hüseynov qeyd edib.
Nəhayət bu yaxınlarda keçmiş təmas xəttində 20 metr enində bir dəhliz açılıb və bunun nəticəsində Xındırıstan kəndindən, Ağdam -1 yarımstansiyasına Azərenerji QSC elektrik xəttinin çəkilişini təmin edə bilib: “Artıq şəhərdə elektrik enerjisi mövcuddur. Lakin təhlükə qalmaqdadır”.