8 C
Baku
Bazar, Yanvar 23, 2022

Emosional gigiyenanın həyatımızdakı, o cümlədən karyeramızdakı rolu

Biz xarici gigiyenanın qeydinə qalırıq və bunu necə etdiyimiz haqqında heç düşünmürük. Bu, işləmək, yaşamaq və mühüm hədəflərə çatmaq üçün tələb olunan normadır. Gigiyena bədənimizi, o cümlədən ətrafımızı təmiz və səliqəli saxlamağa kömək etsə də, emosional gigiyena lazımsız duyğulardan və xoşagəlməz fikirlərdən vaxtında qurtulmanıza imkan verən vasitələr, qaydalar və vərdişlərdir. 

Təsəvvürünüzə gətirin ki, bir gündə bizə nə qədər əhəmiyyətsiz təmaslar və xoşagəlməz dialoqlar “yapışır”. Burada həm qorxu, həm qəzəb, həm təəssüf, həm də ümidsizlik yer alır. Bütün bunlar hər hansısa bir kəskin vəziyyətdən sonra cəmi bir neçə saata “emosional zibil”ə çevrilən sinir sistemimizin təbii təzahürləridir. Və biz onu günün sonunda evimizə gətiririk. 

Emosional gigiyenaya riayət etmək üçün duyğuların çalaları arasındakı sərhədi görmək, indiki zamanda yaşamaq lazımdır. 

Emosional məkanı nə çirkləndirir?

Emosional zibilin tipik mənbələri aşağıdakılardır:

Mobillik

Bizə elə gəlir ki, hər zaman əlçatan olmaq, günün istənilən vaxtı xarici impulslara cavab vermək, gələn bütün zəngləri cavablandırmaq güc və peşəkarlığa işarədir. Əslində bu, məhdudiyyətin, sərbəstliyin olmaması və çirklənmənin əlamətidir. Tədricən gecə və gündüz, şəxsi həyat və iş, ailə məsələləri və peşəkar problemlər arasındakı sərhəd pozulmağa bağlayır. Nadir halda insan belə bir vəziyyətdə duyğularını nizamda saxlamağı bacara bilir. 

Nə etmək lazımdır: emosional dəyişim. Əgər telefonunuzu axşam söndürə və ya iki-üç saatlıq işinizdən ayrıla bilmirsinizsə, emosional dəyişim təcrübəsini sınayın. Məlum məsələdir ki, biz müxtəlif situasiyalarda və sosial şəraitdə fərqli davranırıq. Bəs bizə bu rolları oynamağa nə kömək edir? Poza, səs, mimika, jestlər, müxtəlif əşyalar. Təsəvvür edin ki, işdən evə qayıdandan sonra “superqəhrəman” paltarını dəyişib “ev” tərzinə keçirsiniz. Məsələn, işə taxdığınız qol saatı çıxararaq, əlinizə adətən evdə istifadə etdiyiniz kremdən çəkə bilərsiniz. 

Lazımsız əlaqələr

Ünsiyyət – qədərində olanda böyük üstünlükdür. Əgər sərhədləri çəkməsəniz və kommunikasiya axınlarını tənzimləməsəniz, başınız zəng, görüş, şikayət və hekayələrdən partlayacaq. Bütün bunlar tezliklə ağır yükə çevrilir. 

Nə etmək lazımdır: gündəlik təmizləmə. Rahat əyləşin və qarşınıza ağ vərəq qoyun. Gün ərzində iştirak etdiyiniz dialoqları xatırlayın. Onlardan çoxu sizə lazım deyil. Sadəcə xatırlayın və xəyali zibil qutusuna tullayın. 

Keyfiyyətli yükləmənin olmaması

Bu, həftələrlə kompüteri işləyə-işləyə qoymaq və yeniləmələri yükləməmək kimidir. Zamanla “prosessorunuzun” daha yavaş və səs-küylü işlədiyini görəcəksiniz. 

Nə etmək lazımdır: mütləq hər həftəsonu istirahət edin, ətraf mühiti dəyişin, təbiətə çıxın, iş və ev arasındakı sərhədi qorumağa kömək edəcək hər şey edin. 

Bütün diqqəti işə yönəltmək

Bir tərəfdən, bu əla bir hədiyyədir – bütünlüklə hər hansısa işə qatılmaq. Oxumaq və telefonun səsini eşitməmək. Hesabat hazırlamaq və ayaq yoluna belə getməyə vaxt tapmamaq. Lakin bu, mədənçinin işi qədər təhlükəlidir: çox enerji sərf etməklə yanaşı, özünüzü riskə atırsınız. 

Nə etmək lazımdır: beş duyğunu momentdə yaşamaq. Çalışın hər iki-üç saatdan bir “yerə” enəsiniz və sinir sisteminizi yenindən yükləyəsiniz. 

Bədənə laqeyd yanaşmaq

Duyğularımız bədəndə yaşayır və bədən vasitəsilə hiss olunur. Bu səbəbdən orqanizm siqnallar verirsə, onlara laqeyd yanaşmaq olmaz. Boynunuz ağrıyır? Təcili qalxıb yerinizi dəyişin, özünüzə daha rahat stul alın. Halsızlıq hiss edirsiniz? Üzmək üçün hovuza gedin və ya sadə fiziki hərəkətlər edin. Özünüzə yemək, içmək, yatmaq, nəfəs almaq üçün vaxt verin. 

Nə etmək lazımdır: check-up. Harada olursunuz olun, nə edirsiniz edin, əgər fiziki narahatlıq hiss edirsinizsə, özünüzə üç sual verin:

  1. Niyə narahatlıq keçirirəm? Çalışın mümkün qədər təfərrüatlı şəkildə izah edin: dizləriniz əsir, oynaqlarınız ağrıyır, başınız ağrıyır, ürəyiniz bulanır. 
  2. Bu narahatlıq bədəninizin hansı hissəsində cəmlənib? Ayaq, qol, baş, sol göz – nə qədər dəqiq olsa, bir o qədər yaxşıdır. 
  3. Özümə necə kömək edə bilərəm? Baş ağrısını dərin nəfəs, oynaqların ağrısını isə masajla azaltmaq olar. Bəzən bir neçə sadə hərəkət belə halınızı yaxşılaşdıra bilər. 

Nəticə nə olur? 

Özünüzə qarşı daha diqqətli olun. Ağlınızdakı “zibil”i yığışdırmaq üçün ilk olaraq onu görməyiniz lazımdır. Tədricən özünüzü daha yaxşı tanıyacaqsınız: hansı səbəblər sizi özünüzdən çıxarır? Necə bir əməkdaşla danışmağa çətinlik çəkirsiniz? Hansı tapşırıqlardan sonra özünüzü yorğun hiss edirsiniz? 

Və sonra: hansı dad, qoxu, əşya və səs sizi rahatladır? Emosional “lifehack”ların satını artırın. Arsenalınızda nə qədər çox alət olsa, lazımsız emosiyalardan bir o qədər tez qurtula biləcəksiniz. 

Və daha bir şey! Nə zamansa emosional gigiyena ilə təkbaşına bacara bilmədiyiniz başa düşsəniz, kömək istəməyə çəkinməyin. 

Son xəbərlər
Oxşar xəbərlər