13 C
Baku
Friday, November 22, 2024

Emosiyaların idarə olunması sistemi

Müəllif: İqtisadçı-analitik-Ekspert Qafar İmanverdiyev. İnforex

“Emosional vəziyyətin idarə olunması son dərəcə vacibdir. Əsl bacarıqlı treyderlər istənilən amilə sinə gələ bilər. İşlər lazımi qaydada gedəndə emosiyaların əsiri olmaq əvəzinə onlar özlərini sakit aparır və planlarına uyğun hərəkət edirlər”.

Çarlz Folkner

Emosiyaların idarə olunması sistemi –sizin ticarət qaydalarına nə qədər dəqiq riayət etdiyinizə nəzarət edən şüuraltı bir sistemdir. Nəzarət dağıdıcı emosiyaların zəiflədilməsi vasitəsilə həyata keçirilir. Beləliklə, sizi ticarət sisteminizdən və ya kapitalınızın idarə olunmasından yayındıran emosiyalar zəifləyir, həmin sistemlərə riayəti artıran emosiyalar isə güclənir.

Emosiyalar – ideyaları həyata keçirən mental mexanizmlərdir. Bir halda ki, bu mental qüvvə hədsiz deyil, ondan qənaətlə istifadə olunmalıdır. Bununla da ayrı-ayrılıqda hər hansı bir əməliyyat sizə emosional ağrı yaşatmayacaq. İstənilən bir əməliyyatın nəticəsi həmişə əlahiddə olacaq.

Yaxşı olardı ki, bu enerjidən ticarət sisteminizdə və kapitalın idarə olunmasında istifadə edəsiniz. Aşağıda həm dağıdıcı, həm də gəlirli emosiyalar, onları idarə metodları barədə söhbət açılır.

Dağıdıcı emosiyalar

Ən dağıdıcı emosiyalardan biri – pul itirmək qorxusudur. Bu qorxunu yaradan daxili proqramdır – pul məhdud və çox vacib əmtəədir. İnsanların çoxu ömrü boyu pulu müxtəlif maddi (məsələn, mal-mülk, daş-qaş və s.) və qeyri-maddi (məsələn, təhlükəsizlik, prestij və s.) amillərlə bağlamağı öyrənir. Belə bir assosiativ proses vasitəsilə pul çox dərinə hopmuş mövhumları – rifah və azadlıqları simvolizə edir. Bu assosiasiya o dərəcədə güclüdür ki, kapitala istənilən bir “hücum” (məsələn, açıq pozisiyaya qarşı qiymətin kəskin hərəkət və ya ard-arda uğursuz əməliyyatlar) başqa mühüm rifah amillərini qoruyan qorxu formasında bir qoruyucu mexanizmi işə salır. Bu qorxu ticarət sisteminiz çıxış siqnalı verənə qədər pozisiyanı vaxtından əvvəl tərk etməyə sövq edə bilər.
Qorxu həmçinin bir sıra uğursuz əməliyyatlardan sonra yeni siqnalı qəbul etməyəyə və ya daha az həcmdə pozisiya açmağa vadar edə bilər.

Qorxunun əkiz qardaşı – tamahdır. O da pulla bağlı həmin proqramın nəticəsidir. Tamah sizi ticarət sisteminizin yol verdiyindən çox pozisiya açmağa vadar edir. Tamah heç bir giriş siqnalı olmayanda da sizi pozisiya verməyə məcbur edə bilər. O, həmçinin bir sıra uğurlu əməliyyatlardan sonra birdən-birə pozisiyaların həcmini artırmağa sövq edə bilər.

Qürur da tamah kimidir – o da treyderi ticarət sistemindən eyni qaydada kənarlaşmağa məcbur edir.

Qorxu və tamaha qalib gəlmək üçün gərək bütün ticarət siqnallarını tutmağa çalışmayaq. İstənilən gəlir imkanından istifadə etməyə çalışmaq son dərəcə təhlükəlidir, belə ki, heç bir sistem və ya treyder həmişə bütün ticarət imkanlarını tuta bilməz. Siz hədəf olaraq tez bir zamanda gəlir götürməyi yox, sisteminizin daim işlək vəziyyətdə olmasını seçməlisiniz. Bundan əlavə, əmin olmalısınız ki, əgər sistemə ciddi riayət etsəniz, hədəfinizə çatacaqsınız. Nə qədər ki ticarət sisteminizin qaydalarına riayət edirsiniz, gec-tez hədəfinizə çatacaqsınız (bir şərtlə ki, sizin sistem müsbət gözləməyə malik olsun).

Əgər siz bir neçə ticarət ssenarisini modelləşdirsəniz, tezliklə müsbət gözləməyə malik sistemin nəticədə gəlirli olduğunu görərsiniz  (100 əməliyyatdan sonra). Hətta bir neçə ard-arda uğursuz əməliyyat da ola bilər. Bəzən həddindən artıq ticarətə yol verən treyderlər bilməlidirlər ki, hər ard-arda uduşdan sonra itki gəlir. Ona görə də, pozisiyaların həcmini kapitalın idarə olunması sisteminə müvafiq təyin etmək lazımdır. Ümumilikdə foreksin ticarət trenajorları treyderin özünü psixoloji cəhətdən mexaniki sistemlərlə ticarətə hazırlamağı üçün çox faydalıdır .

İnsanın ticarət psixologiyası ticarət planını gücləndirdiyi kimi, dağıda da bilər. Ticarət sisteminin üstünlüklərindən biri insan emosiyalarının kənarlaşdırılmasından ibarətdir. Bütün qərarları kompüter verir, treyderə isə onları icra etmək qalır. Treyder sistemin əməliyyatını inkar edəndə bu üstünlüyünü itirir. 5 ard-arda itkidən sonra neçə treyder sistemi izləməkdə davam edəcək? Ticarət sisteminin üstünlüyündən yararlanmaq üçün treyderlər altıncı əməliyyatı açmağa sadəcə borcludur.

Əgər siz mexaniki ticarət sistemi ilə işləyirsinizsə, onda sadəcə avtomatlaşdırılmış ticart prosesinə keçməklə emosiyaların yaratdığı problemlərdən yaxa qurtara bilərsiniz. Amma əgər siz diskret sistemdən istifadə edirsinizsə, ticarəti çətinləşdirə bilərsiniz, ona görə ki, məhz siz siqnalları verəcəksiniz. Bir halda ki siqnalları sizin məntiqi ağlınızı verəcək, emosiyalarınızı isə emosional ağlınız yaradacaq, bu iki ağıl bir-birini inkar edən hərəkətlərə təkid edəndə konflikt ortaya çıxacaq. Təbii, böyük ehtimal var ki, stressli vəziyyətlərdə sizin emosiyalarınız ticarət siqnallarını inkar edəcək. Bu, xüsusən yeni başlayan treyderlərdə çox müşahidə olunur. Treyderin karyerasının ilkin mərhələlərində nizam-intizamı öyrənməyinin yeganə yolu peşəkarlıqla yaradılmış ticarət sisteminə riayət etməkdir. Əks halda ticarət sisteminə (yeni başlayan treyderin özünün yaratdığı) əminlikdə şübhələr yaranacaq və sonra dağıdıcı emosiyalarla ticarət aparmaq çətinləşəcək.

“Bir çox treyderlər kimi mən də bəzən özümün ən böyük düşməninə çevrilirəm. Bu, yalnız bazardakı hərəkətlərimə aid deyil, həyatda da belədir. Mən hesab edirəm ki, treyderlərin çoxu da mənim kimi öz-özlərinin düşmənidirlər”,- deyə Ralf Vins “Kapitalın İdarə olunması Riyaziyyatı: Treyderlər üçün Riskin Analizi Metodları” kitabında yazır.

Gəlirli emosiyalar

Ticarət sisteminə əminlik uğurlu treydinq üçün lazım olan əsas emosiyadır.  Əminlik çox vacibdir, çünki o, sizi sisteminizi izləməyə məcbur edir. Əminlik olan yerdə nəticə də olacaq (əməliyyatın icra olunmasının dəqiqliyi ticarət sisteminə nə qədər əmin olmağınızla düz proporsionaldır).

Real ticarətə başlamazdan əvvəl bu hissi maksimum artırmaq çox vacibdir. Əgər sisteminizə əmin olmasanız, bu, mütləq sizi planınızdan kənarlaşdıracaq. Maddi və mənəvi rifahınıza ciddi ziyan vuracaq. Hər qəbul olunmayan siqnal və ya inkar olunan qayda metodunuzuna olan inamı azaldır. Nə qədər siqnal buraxırsınızsa, bu, bir o qədər sistemə əminliyinizə təsir edəcək və bir o qədər tezliklə nəticələriniz pisləşəcək. Ona görə də, valyutalarla ticarətdə sisteminizin verdiyi hər siqnalı  qəbul etməklə uğur qazana bilərsiniz. Ticarət sisteminizə sadiq qalmaqla siz əslində nizam-intizamınızı gücləndirirsiniz. Bu da öz növbəsində çətin vəziyyətlərdə (ard-arda itkilər zamanı) sizin sisteminizə sadiq qalmağınıza kömək edəcək.

Sistemə əminliyinizə dəstək vermək üçün foreksdə real ticarətə başlamazdan əvvəl böyük bir hesabatınız olmalıdır. Nə qədər ki, sistem keçmişdə işlədiyi kimi işləyir (kəskin sapmalar olmadan), siz tamamilə ona əmin ola bilərsiniz. Yadda saxlamaq lazımdır ki, foreksdə 100%-lik sarsılmaz fakt yoxdur və hədəfə çatmağın yeganə yolu sistemin gələcək işi ilə bağlı real gözləməyə malik olmaqdır.

Sistemin belə göstəriciləri (adətən bəktestin köməyilə əldə olunur) – əməliyyatların orta ardıcıllığı, orta gəlir/itki, maksimum drawdown, ən böyük gəlirli/itkili əməliyyat və digərləri treyderlər və investorlar tərəfindən real ticarətə başlamazdan əvvəl dəqiq öyrənilməlidir. Bu statistik məlumatları bilmək gözlənilən və real ticarət arasındakı əlaqəni yaradır. Müvafiq olaraq da stressi azaldır, qaçılmaz drawdownlar zamanı sistemə əminliyi qoruyub saxlayır.

Bəzi müəlliflər qəsdən sistemdən gözləntilərinizi azaltmağı məsləhət görürlər. Bunu yalnız sistemin real bazarda fəaliyyətilə bağlı kifayət qədər informasiyaya malik olmadığınız zaman etmək lazımdır.

Emosional gözləntiləri modelləşdirmək üçün iki qaydadan istifadə etmək olar:

1.Testin nəticələri ilə müqayisədə əməliyyatların yarısının uğurlu olacağını gözləyin.
2. Testin nəticələri ilə müqayisədə ikiqat itkili əməliyyat gözləyin.
3. Gözlənilən gəlirin yarısına hazır olun.

Valyutalarla uğurlu ticarət üçün digər bir vacib tələb seçdiyiniz metoda sadiq qalmağınızdır. Əgər siz vahid bir metodla işləməyəcəksinizsə, onda tezliklə enerji və pullarınızı müxtəlif metodlara sərf etməli olacaqsınız – xırda bir çatışmazlıq görən kimi birini o biri ilə əvəzləyəcəksiniz. Əslində ideal ticarət sistemi sadəcə, mövcud deyil. Bütün ticarət sistemləri istisnasız öz drawdown və uğursuzluq yolunu keçəcək. Siz bundan qaça bilməyəcəksiniz. Valyutalarla ticarətə başlamazdan əvvəl yaxşı olardı ki, bu reallıqla barışasınız. Ticarət metodunuza əminliyi artırmaq üçün ayrı-ayrılıqda hər əməliyyata olan emosional marağınızı azaltmalısınız. Başqa sözlə desək, siz itkiyə və gəlirə eyni emosional prizmadan yanaşmalısınız. Foreksdə ticarət ehtimal oyunudur. Nə qədər etibarlı metoda bağlısınızsa, zaman keçdikcə bir o qədər əminliklə hədəfə yaxınlaşırsınız. “Uğursuzluğu yalnız oyundan çıxmış treyderlər yaşıyır” ( Ryan Jones).

Con Persival “Dolların yolu” kitabında deyir: “Əgər siz ciddi şəkildə uğura köklənmisinizsə, vaxt keçdikcə pullarınızı dəfələrlə artırmaqla milyonlar qazana bilərsiniz”.

Emosiyaları idarə metodları

Siz şüurunuzu elə proqramlaşdıra bilərsiniz ki, mental enerjiniz gəlirə istiqamətlənsin. Bu da sizi ticarət metodunuza sadiq qalmağa vadar edəcək. Belə olan halda emosiyalarınızı idarə edə bilərsiniz. Birinci və ən vacib addım – yalnız ticarət metodunuzla bağlı emosiyaları hiss etməyi öyrənməkdir. Bütün emosiyalarınız sistemlə bağlı olmalıdır, qiymətlə yox.

Qiymətin hazırda nə etməyindən asılı olmayaraq (məsələn, yeni maksimum/minimumlara çatır), əgər sizin ticarət sisteminiz susursa, siz də heç bir tədbir görməməlisiniz. Sisteminiz siqnal verən kimi əməliyyat yerləşdirə bilərsiniz. Zehni enerjidən ağılla istifadə etmək çox vacibdir, yegəna həyəcanlandığınız an – sistemin giriş və ya çıxış üçün siqnal verdiyi andır.

Bununla yanaşı, buraxılmış siqnallara görə məyusluq sisteminizin tapa bilmədiyi buraxılmış imkanlar görə məyusluqdan daha faydalıdır. Ona görə ki, ayrılıqda əldə olunan heç bir gəlir metodunuzun ardıcıl tətbiqi ilə əldə olunan uzunmüddətli kapital artımı ilə müqayisə oluna bilməz.

Bu metod emosiyalardan əziyyət çəkməyin yerinə, diqqətinizi gəlir əldə etmək məqsədilə treydinqin bir aspektindən digərinə yönəldir.

Yuxarıda qeyd olunan dağıdıcı emosiyaların güclü hərəkətverici qüvvələrinin bəzilərindən istifadə etmək olar. Ayrıca bir əməliyyatda itirməkdən qorxmaq əvəzinə, siz özünüzü siqnalı itirmək qorxusuna yönləndirə bilərsiniz və bununla da kapitalın uzunmüddətli artım prosesinə yol açmış olarsınız. Sistemin götürmədiyi təsadüfi bir gəlirin yerinə, uzunmüddətli kapital artımı arzulamaq daha yaxşı olardı.

Siz yuxarıda qeyd olunanları yadınızda saxlamaq üçün yeni fikirlər/mantralar düşünə bilərsiniz. Məsələn, “Mən diqqətini qiymət hərəkətindən ticarət sistemimi necə yaxşılaşdıracağıma yönəldəcəyəm”. Bu prinsipləri necə mənimsəmənizdən asılı olaraq, onlar sizi vayluta ticarətində zərbələrdən qoruyacaq bir “qalxan” rolunu oynacaqlar.

Bu fikirləri mütəmadi olaraq təkrarlayın. Beləliklə, hər gün sadəcə “mən ticarət sistemimin qaydalarına uyğun ticarət aparıram” demək gələcəkdə yaxşı nəticələr əldə etməyinizə kömək olacaq.

Bundan başqa , özünümüdafiə instinkti çox güclü emosiyadır. Əgər siz məcazi mənada aktivlərinizi həyatınız kimi qəbul edirsinizsə, onda əmin ola bilərsiniz ki, həmin instinkt sizə həddindən artıq risk etməyə imkan verməyəcək (yəni kapitalın idarə sisteminin təyin etdiyi riski aşmayacaqsınız) və sizi yalnız ticarət sisteminizin siqnallarını qəbul etməyə vadar edəcək.

Emosiyaları kənarlaşdırmaqda faydalı ola biləcək daha bir prinsip: Valyuta ticarətində uğursuzluğa ticarət planınızdan kənarlaşdığınız qədər düçar olursunuz. Foreksdə uğurlu ticarət – 100% plana sadiq qalmadır.

Emosiyalara nəzarətin həyata keçirilməsi

Emosiyalarınızla bacarmaq üçün yadda saxlamalısınız ki, istənilən ticarət sistemi əsasən digər treyderlərin emosiyalarından gəlir əldə etmək üçün yaradılmış mütəşəkkil metoddur. Ona görə də, əgər siz emosiyalarınızı idarə etməyi öyrənməsiniz, istənilən bir sistemdən gəlir əldə edə bilməyəcəksiniz.
Emosiyalara tam hakim olmağın yolu çox uzundur və özünü dərketmə çox ağır zəhmət tələb edir. Buna görə də, yeni başlayan treyderlərə ticarət sistemlərini avtomatlaşdırmaq lazımdır. Bununla bəzən bir neçə ilə qənaət etmiş oluruq.

Qeyd etmək lazımdır ki, avtomatlaşdırılmış mexaniki sistemin üstünlüyü bir çox hallarda insan təfəkkürünün formalarını müəyyənləşdirmək baxımından analiz edilir. Məhz ona görə ki, insan təfəkkürü vakumda fəaliyyət göstərmir. Onunla birgə digər şüuraltı mental strukturlar fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər