Azərbaycan bank sektorunda 2026-cı ilin ilk rübündə faiz gəlirləri 1 milyard 332.5 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründə 1 milyard 124.0 milyon manat olub. Nəticədə illik müqayisədə faiz gəlirləri 208.4 milyon manat və ya 19% artıb.
Banker.az-ın bankların maliyyə hesabatlarına əsaslanan hesablamalarına görə, banklar üzrə ən yüksək faiz gəliri “Kapital Bank”da qeydə alınıb. Belə ki, bankın faiz gəlirləri 308.7 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəki 260.1 milyon manatla müqayisədə 19% artım deməkdir. İkinci yerdə ABB qərarlaşıb və onun faiz gəlirləri 295.1 milyon manata yüksəlib (illik 15% artım). “PAŞA Bank” isə 144.1 milyon manat faiz gəliri ilə üçüncü olub.
“Bank Respublika”, “Unibank” və “AccessBank” da müsbət dinamika nümayiş etdirərək müvafiq olaraq 20%, 20% və 18% artım qeydə alıblar. Bununla yanaşı, bəzi banklarda azalma müşahidə olunub. “Bank VTB Azərbaycan” üzrə faiz gəlirləri 4% azalıb, “Bank Melli İran” Bakı filialında isə 2% azalma qeydə alınıb.
Eyni dövrdə sektorun əsas hissəsini təşkil edən ilk beş bankın faiz gəlirləri də artıb. Belə ki, Kapital Bank, ABB, PAŞA Bank, Bank Respublika və Unibank daxil olmaqla TOP 5 bankın ümumi faiz gəlirləri 896.4 milyon manat olub. Bu isə sektor üzrə cəmi faiz gəlirlərinin 67.3%-ni təşkil edir. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə TOP 5 bankın faiz gəlirləri 764.0 milyon manat, bazar payı isə 68% olub. Beləliklə, hesabat dövründə ilk beş bankın bazar payı 0.7 faiz bəndi azalıb.
Ən yüksək artım tempi isə Ziraat Bank Azərbaycanda (86%) və AFB Bankda (93%) müşahidə edilib.







