2025-ci ilin IV rübünün yekunlarına görə Azərbaycan bank sektorunda fiziki şəxslərin depozitlərinin həcmi 16 milyard 322.6 milyon manat olmaqla illik müqayisədə təxminən 14.2 faiz artım dartıb.
Banker.az xəbər verir ki, fiziki şəxslərin depozitləri üzrə bazarın lideri yenə dövlət bankı ABB olub. Bankda əhalinin depozitləri 3 milyard 404.3 milyon manata çatıb ki, bu da bir il ərzində əhəmiyyətli artım deməkdir. İkinci pillədə Kapital Bank qərarlaşıb – bankın fiziki şəxslər üzrə depozit portfeli 3 milyard 136.8 milyon manat təşkil edib.
Üçüncü yerdə PAŞA Bank qərarlaşıb. Bankda əhalinin depozitləri 1 milyard 956.4 milyon manat olub. Dördüncü sırada Unibank (1 milyard 89.1 milyon manat), beşinci yerdə isə Xalq Bank (834.9 milyon manat) yer alıb.
Beləliklə, 2025-ci ilin IV rübündə fiziki şəxslərin depozitləri üzrə TOP-5 bankın cəmi portfeli təxminən 10 milyard 421.5 milyon manat təşkil edib. Bu isə sektor üzrə ümumi fiziki şəxslərin depozitlərinin təxminən 63.8 faizinə bərabərdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin IV rübündə TOP-5 bankın fiziki şəxslərin depozitləri üzrə cəmi həcmi təxminən 9 milyard 133.7 milyon manat, bazar payı isə 63.9 faiz olub.







