Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən bəri 18,1 milyard dollar artıb. Bu barədə şirkət səhmlərinin dəyəri əsasında hesablanan “Bloomberg Billionaires Index”də dərc olunan məlumatlarda bildirilir.
“Bloomberg Billionaires Index”in məlumatına görə, Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Alişer Usmanov ilin əvvəlindən 5,32 milyard dollar qazanıb, onun sərvəti 18,5 milyard dollara çatıb. Ural Dağ-Metallurgiya Şirkətinin təsisçisi İskəndər Mahmudovun sərvəti isə 4,43 milyard dollar artaraq 7,56 milyard dollara yüksəlib.
Eyni zamanda, “Telegram” messencərinin həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 2,44 milyard dollar qazanıb, onun sərvəti 13,4 milyard dollar təşkil edib. “Wildberries”in təsisçisi Tatyana Kim isə 654 milyon dollar qazanıb və onun sərvəti 8,03 milyард dollara qədər artıb.
Ən çox zərər görən isə “Novolipetsk Steel”in direktorlar şurasının sədri Vladimir Lisin olub — onun sərvəti 3,07 milyard dollar azalaraq 22,8 milyard dollara düşüb.
Qeyd edək ki, “Bloomberg Billionaires Index” 2012-ci ilin mart ayından bəri dərc olunur və dünyanın 500 ən varlı adamının sərvətini nəzərə alır.








