Endryu Karnegi (Andrew Carnegie; 1835 — 1919) – amerikalı iş adamı, poladtökmə sənayesinin ən görkəmli nümayəndələrindən biri, həmçinin də məşhur xeyriyyəçi olub.
Karnegi 1835-ci ildə, 25 noyabrda Şotlandiyanın Danfermlin şəhərində Uilyam Karneginin ailəsində dünyaya göz açıb, onun atası Uilyam parça fabrikinin işçisi, həm də yerli çartistlər təşkilatının rəhbəri idi, anası Marqaret Karnegi isə, siyasi və sosial islahatçı Tomas Morrisonun qızı idi. Karnegi dünyaya gələndə, ailəsi yaşadıqları evin yeganə sakini deyildi, onlar həmin evdə başqa bir ailə ilə birlikdə yaşayırdılar, Karnegi ailəsinə cəmi bir otaq çatırdı. Bu həm qonaq otağı, həm yemək otağı, həm də yataq otağı rolunu oynayırdı. Vəsait çatışmazlığı üzündən həyat ağır keçirdi. Karneginin atası fabrikdə həftəyə iki dollar qazanır, həmçinin mələfə (ağ parça) satışı ilə məşğul olurdu, onun anası isə çəkmələri təmir etməklə bir az çörək pulu qazanmağa çalışırdı.
Endryu özü də cəmi 13 yaşının olmasına baxmayaraq, elə həmin parça fabrikinə parça makaralarının baxıcısı qismində işə düzəlir və həftənin 6 günü, günün isə 12 saatı işləməli olur. Amma həyatın azacıq da olsa belə yoluna düşməsi üçün bu da kifayət etmir. Nəhayət 1848-ci ildə Karneginin atası Şotlandiyanı tərk etmək qərarı verir. Onlar ailələri ilə birlikdə ABŞ-a köçür və Pensilvaniya ştatının Alleqeyni şəhərində məskunlaşırlar.
1850-ci Karnegi Pittsburgh Telegraph agentliyinin yerli ofisində işə düzəlir və həftəyə 2,5 dollar qazanmağa başlayır. Yeni iş sayəsində Karneginin yeni imkanları yaranır. O yerli teatr və kitabxanalara baş çəkir, mütaliəyə dərin maraq göstərərək özünü-inkişaf məşğul olur. Onun zəhmətkeşliyi, əməksevərliyi və əlbəttə ki, dərindən həvəs göstərməsi Pittsburgh Telegraph rəhbərliyinin gözündən kənar qala bilməzdi. Tezliklə o, əlaqə operatoruna çevrilir və ona təyin edilən əməkhaqqı həftəyə 4 dollara çatır.
Karnegi karyera pillələri ilə çox sürətlə yüksəlir və 1853-cü ildə artıq onu, cəmi 18 yaşlı bu gənci, Pitsburqdakı teleqraf şöbəsinin müdiri təyin edirlər. Gənc və istedadlı Endryu Karneginin belə sürətli yüksəlişi həmin dövrdə Pennsylvania Railroad Company-nin (Pensilvaniya Dəmiryol Kompaniyası) rəhbəri Tomas A. Skottun diqqətini çəkir, o Karnegini öz katibi qismində işə götürür. Yeni iş yerində Karnegi dəmiryolu biznesinə qarşı xüsusi maraq göstərməyə başlayır. Skott bu biznesdə ilk addımlarını atmaq istəyən Karnegiyə hər cür dəstək göstərir. Bu zaman Karnegi Adams Express və T.T. Woodruff’s sleeping car company (Vudrafın Dəmiryol Kompaniyası) kimi şirkətlərə ilk yatırımlarını edir və bunun ardınca da ilk kapitalını qazanır.
İlk müəssisə
Karnegi mütəmadi olaraq öz vətəni Böyük Britaniyaya baş çəkir, burada yerli dəmir yolu sənayesinin şiddətli inkişafını müşahidə edir və təcrübə qazanırdı. Xüsusən də ingilis ixtiraçısı Henri Bessemer tərəfindən konverterin kəşf edilməsi onu heyrətləndirmişdi. Bu ixtira maye çuqunun emalı edilməsi ilə poladın daha qabaqcıl üsulla hazırlanmasına imkan verirdi (bessemer prosesi). Karnegi başa düşdü ki, indi müəyyən məhsulların istehsalında polad dəmiri əvəz etməyə başlayacaq.
1865-ci ildə Karnegi özünün ilk müəssisəni açır – Keystone Bridge Company – bu körpülərin tikintisi ilə məşğul olan ən vacib şirkətlərdən biri idi. 1870-ci ildə Endryu öz həmyerlisi Henri Bessemerin ideyasından istifadə edərək ilk domna sobasını qurdurur, 1873-cü ildə ilk poladtökmə zavodu yaranır. Bütün bunlar Karnegi tərəfindən dəmiryolu sektorunun inkişafı üçün edilir, poladdan körpü salınması, rels, vaqon, lokomotiv və s istehsalında istifadə olunurdu.
Polad imperiyası
Carnegie steel company poladtökmə zavodu – çuqun, polad relslər və koks istehsalı üzrə dünyada ən böyük kompaniyaya çevrilir, Karnegi özü isə multimilyonçu olur. Yeni texnologiyalar sayəsində kompaniya dəmiryolu üçün hazırlanan relslərin istehsalında irəliləyişə nail olur. Bununla da, o, ABŞ-ın dəmiryolu nəqliyyatının inkişafını təmin edir.
Karneginin yaratdığı kompaniyanın nəhəng potensialı sayəsində bütün ölkə ərazisində kütləvi yol salınmasına başlanır. 1889- 1899-cu illər arasında illik polad istehsalı 332 111 tondan 663 412 tona yüksəlir, mənfəət isə müvafiq olaraq 2 milyon dollardan 40 milyon dollara çatır.
1901-ci ildə cavanlıq dövrünü artıq çoxdan geridə qoymuş olan Karnegi, işlərdən uzaqlaşaraq, həyatının qalan hissəsini sakit yaşamaq istəyir, ona görə də kompaniyanı satmaq qərarına gəlir. Həmin dövrdə bəlkə də Carnegie steel company –kompaniyasını ala biləcək və həm də almaq istəyən yeganə bir şəxs Con Morqan idi. O, artıq rəqiblərdən yaxa qurtarmaq üçün, irili-xırdalı bütün poladtökmə kompaniyalarını almağa can atırdı. Aparılan danışıqlardan sonra o, Karnegi kompaniyasını400 milyon dollara alır və bununla da U.S. Steel (United States Steel Corporation) yaranır.
Xeyriyyəçi
Karneginin xeyriyyəçiliyi 1870-ci ildə başlayır, bu zaman o, doğma şəhəri olan Danfermlində (Şotlandiyada) kitabxana və hovuz tikintisi üçün pul bağışlayır. O, həqiqətən də ürəkdən inanır ki, insan ömrünün əsas hissəsini kapital qazanılmasına sərf etməlidir, digər hissəsində isə bu kapitalı ehtiyacı olanlara paylamalıdır. Karneginin bütün xeyriyyəçilik əməllərini sadalamaq çətindir. Onun vəsaitləri sayəsində Karnegi-Mellon Universiteti, Pitsburqda Karnegi Muzeyi və çoxlu sayda təhsil, tədris və səhiyyə müəssisələrinin əsası qoyulmuşdur.
Endryu Karnegi 11 avqust 1919-cu ildə vəfat edib. O, öz vəsaitlərinin təxminə 350 milyon dollarını xeyriyyəçiliyə bağışlayıb. Qalan 125 milyon dollar Carnegie Corporation xeyriyyə təşkilatına yerləşdirilir. Bu fond, bu gün də fəaliyyət göstərir və Karnegi tərəfindən qoyulmuş ənənəni davam etdirir.