10 C
Baku
Thursday, December 12, 2024

Energetika naziri Türk Şurasının Baş katibi ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə təşkilat çərçivəsində energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Nazir Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyininin daim dəstəklənməsini yüksək qiymətləndirib, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin apardığı haqq savaşına beynəlxalq səviyyədə verilmiş dəstəyə görə Baş katibə təşəkkür edib.

Sonra türkdilli ölkələrlə energetika sahəsində ikitərəfli formatda olan əməkdaşlıq əlaqələri, təşkilatın platforması əsasında bu əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb. P.Şahbazov ənənəvi sahələrlə bərabər, son illərdə xüsusilə aktuallaşan enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə, enerji tənzimlənməsi və digər bu kimi sahələrdə türkdilli ölkələr arasında əlaqələrin genişləndirilməsinin böyük potensialı olduğunu vurğulayıb.

B.Amreyev Azərbaycanın haqq mövqeyinə dəstəyini bir daha qeyd edərək, işğaldan azad edilmiş ərazilərin bərpası barədə fikirlərini səsləndirib, daha sonra təşkilatın fəaliyyət istiqamətləri, görülmüş işlər və gələcək planlar haqqında məlumat verib.

Görüşdə Azərbaycanın təşkilata sədrliyi çərçivəsində energetika sahəsində həyata keçiriləcək tədbirlərin, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin energetika nazirlərinin və energetika üzrə işçi qrupunun birinci iclasının keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Digər xəbərlər