Tarif məsələsi artıq mənasızlaşacaq.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən ictimai dinləmədə energetika nazirinin müavini Elnur Soltanov deyib.
“Qarabağ bizim üçün dönüş nöqtəsi oldu, yaşıl enerji zonası elan edildi. Bu, mərkəzi istilik sistemi olmadan absurd səslənir. Qarabağda mərkəzi istilik sisteminin quruşdırılması qəti şəkildə müdafiə edilir və bu istiqamətdə addımlar atılır. Mərkəzi istilik sistemi daha ucuz və daha təhlükəsizdir. Eyni zamanda ekologiyaya daha az ziyandır. Qarabağda da hazırda yaşıll enerji konsepsiyası həyata keçirilməkdədir. Qarabağ yeganə ərazimizdir ki, 2050-ci ilə qədər xalis 0 öhdəliyi götürüb. Biz bu ərazini bütün dünyaya nümunə olaraq təqdim etdik”, – deyə nazir müavini bildirib.
Nazir müavini əlavə edib ki, tarif məsələsi artıq mənasızlaşacaq: “Vətəndaşların özlərinin qurduğu hər hansı cəmiyyət belə qazanxananı işlədə biləcək. Yəni istəsələr, “Azəristiliktəchizat”-a müraciət edərlər, istəsələr başqa yerə. Vətəndaşlar özləri qərar verəcək”.