Azərbaycanda elektrik enerjisinin alqı-satqısı müqaviləsini (PPA – Power Purchase Agreement) özündə əks etdirən standart dövlət dəstəyi paketindən istifadə edilir və bu paketə əsasən, dövlət 20-25 il müddətinə sabit qiymətə elektrik enerjisinin alınmasına zəmanət verir.
Bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov yubiley – sayca 30-cu Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, eyni zamanda Şəbəkəyə Qoşulma Sazişi (TCA – Transmission Connection Agreement) mövcuddur və bundan əlavə, özəl investorlar və şirkətlər üçün bir sıra vergi güzəştləri və azadolmaları nəzərdə tutulur.
“Bu, məsələn, Aİ və ya Böyük Britaniyada istifadə edilən yanaşmalardan fərqlənən əsas mexanizmlər toplusudur, burada belə zəmanətlər qiymət fərqi müqavilələri (CFD) vasitəsilə həyata keçirilir. Bizdə bu, daha konkret və birbaşa tədbirlər kompleksidir”, – O. Zeynalov söyləyib.
Nazir müavini vurğulayıb ki, bərpa olunan enerjinin inkişafı ilə enerji şəbəkəsinin dayanıqlığı və tarazlığı xüsusi əhəmiyyət kəsb edir: “Bu, təkcə texnoloji cəhətdən reallaşdırıla bilən olmamalıdır, həm də ümumi sistemə lazımi şəkildə inteqrasiya edilməlidir. Birinci məsələ texniki məsələdir: obyekt şəbəkəyə necə qoşulacaq? İkincisi, investorlarla işləməkdir”.
O, lokallaşma məsələsinə də toxunub: “Bu, əsas elementlərdən biridir. Hələlik Azərbaycanda bu məsələ həyata keçirilməyib, amma gündəmdədir. Hesab edirəm ki, müəyyən mərhələdə bu məsələ ilə bağlı dialoqa başlaya bilərik – həm Azərbaycanın özündə, həm də beynəlxalq arenada. Bəzi ölkələrdə bu, artıq qanunvericilikdə təsbit olunub. Məsələn, Özbəkistanda azı 25 % lokallaşma tələb olunur. Bu, faydalı ola bilər – yerli məzmun, xüsusilə regionun coğrafiyasını nəzərə alaraq, xarici təchizat zəncirlərindən asılılığın azaldılması. Lakin digər tərəfdən, bu, tariflərə və layihələrin ümumi dəyərinə (CAPEX) təsir göstərə bilər. Ona görə də lokallaşdırmaya yanaşma balanslı və düşünülmüş olmalıdır”.