2020-ci ilin I rübündə Respublika üzrə hasil edilmiş 9,3 mln. ton neftin (kondensatla birlikdə) 6,4 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 952 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb.
Energetika Nazirliyindən Banker.az saytına daxil olan informasiyaya əsasən, SOCAR üzrə neft hasilatı isə 1,9 mln. ton təşkil edib.
Yanvar-mart ayı ərzində ixraca nəql olunan neftin kondensatla birlikdə həcmi 7,6 milyon ton təşkil edib. Neftin 7,3 mln. tonu konsorsium, 324 min tonu isə SOCAR üzrə ixraca nəql olunub. 2020-ci ilin I rübü ərzində ötən ilin müvafiq dövrünə nisbətən 10% artımla 10 mlrd.m3 təşkil edən qaz hasilatının 3,5 mlrd.m3-i AÇG-dən, 4,7 mlrd.m3-i isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 1,8 mlrd.m3 qaz hasil olunub.
Bu dövrdə xaricə qaz satışı 3,57 mlrd.m3 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6% çoxdur. I rübdə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə 23% çox, yəni 2,6 mlrd.m3 qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 923 mln. m3 olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə rüb ərzində 941 mln. m3 qaz olunub. İstismara veriləndən indiyə kimi TANAP-la Türkiyəyə 5 mlrd. m3-ə yaxın qaz nəql edilib.
Azərbaycanın neft-qaz sənayesinin inkişafında mühüm rola malik “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə də indiyə kimi neft-qaz hasilatı və ixracı ilə bağlı göstəricilər dəqiqləşib. Belə ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən aprelin 1-ə kimi 534 mln. ton neft (kondensatla birlikdə), 290 mlrd. m3 qaz hasil edilib. AÇG-dən aprelin 1-ə kimi 505 mln. ton neft, 168,4 mlrd. m3 qaz hasil olunub. “Şahdəniz” istismara veriləndən 1 aprel tarixinədək 121,5 mlrd. m3 qaz, 29 mln. ton kondensat hasil edilib. Bu yataqlardan indiyə kimi 527 mln. ton neft (kondensatla birlikdə), 80,3 mlrd. m3 qaz isə ixrac edilib.