14 C
Baku
Wednesday, November 20, 2024

Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2022-ci ildə ₼9.5 mln. manat zərər edib

Azərbaycanda dövlətin energetika sahəsində satışı və istehlakı üzərində tənzimləməni həyata keçirən Enerji Məsələlərini Tənzimləmə Agentliyi publik hüquqi şəxsi (AERA) 2022-ci ili zərərlə tamamlayıb.

Banker.az bu barədə dövlət qurumunun maliyyə hesabatına verilmiş müstəqil audit rəyinə istinad edir.

Hesabatda göstərilir ki, dövlət şirkəti 2022-ci ildə 4.5 milyon manat həcmində cəmi gəlir əldə edib və bu 2021-ci ildəki 13.73 mln. manatdan 62% azdır.

AERA əməkhaqqı və mükafatlara illik müqayisədə 21% çox, yəni 8.4 mln. manat xərc çəkib. Cəmi əməliyyat xərcləri 13.98 mln. manat təşkil edib.

Beləliklə, dövlət agentliyi 2022-ci ildə 9.48 mln. manat həcmində xalis zərər edib. 2021-ci ili 1.09 mln. manat xalis mənfəət əldə etmişdi.

1 yanvar 2023-cü il tarixinə dövlət agentliyinin balansında olan bölüşdürülməmiş mənfəət 10.57 mln. manatdan 1.09 mln. manata düşüb.

XATIRLATMA

AERA Azərbaycan Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında yaradılıb. Agentlik 2018-ci ilin aprel ayından funksional fəaliyyətə başlayıb. Agentlik İdarə Heyətindən, eləcə də Agentliyin Aparatına daxil olan departament, şöbə, sektor, habelə filiallardan ibarət tərkibdə fəaliyyət göstərir.

AERA elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələr, eləcə də istehlakçılar üzərində tənzimləməni, o cümlədən dövlət nəzarətini həyata keçirir.

Agentlik hazırda Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə yerləşən 11 filialı ilə fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər