20 C
Baku
Wednesday, May 1, 2024

“Enron işi” qalmaqalı və daxili nəzarətin vacibliyi

Dünya tarixində “Böyük səkkizlik” adı altında audit şirkətləri fəaliyyət göstərirdi. 1989-cu ildə Deloitte, Haskins and Sells ilə Touche Ross, Ernst & Whinney ilə Arthur Young, 1998-ci ildə isə Price Waterhouse ilə Coopers & Lybrand birləşdilər. Son beşliyə PricewaterhouseCoopers, Deloitte & Touche, Ernst&Young, KPMG və Arthur Andersen kimi audit və konsaltinq xidmətləri göstərən şirkətlər daxil idi.

Lakin 2001-ci ildə Enron elektroenergetika şirkəti ilə bağlı (“Enron işi”) baş vermiş qalmaqal nəticəsində Arthur Andersen audit şirkəti bu beşliyi tərk etdi və ən əsası isə nüfuzunu itirdi.

Enron qalmaqalı bu şirkətin maliyyə hesabatlarının saxtalaşdırılması və bununla da investorları aldatmaq ilə əlaqədar idi. Nəticədə şirkətin bir sıra offşor zonada fəaliyyət göstərən bölmələri aşkar edildi. Hətta bu offşor zonalardan biri kimi Kayman adalarında Enronun 692 sayda törəmə şirkətinin fəaliyyət göstərdiyi bəlli oldu. Maraqlısı odur ki, bütün offşor şirkətlər qanuni olaraq yaradılmışdı və onlar daimi olaraq, dövlətə müvafiq hesabatları təqdim edirdi.

Sxemlərin mürəkkəb olmasına baxmayaraq, fəaliyyət prosesi çox sadə idi: bir tərəfdən törəmə şirkətlər vasitəsilə müqavilələr bağlanılaraq şirkətin dəyəri artırılır, digər tərəfdən isə şirkətin elan etmək istəmədiyi borclar həmin offşor zonaların üzərinə yazılırdı. Nəticədə şirkətin göstəriciləri artırdı, o çoxmilyonluq mükafatlar qazanır, paket və səhmlərin dəyəri da yüksəlirdi. Paralel olaraq, rəhbərlik offşorlardan da qazanc əldə etməyə vaxt tapırdı, təkcə Enronun baş maliyyəçisi olan Endryu Fastou offşor zonalardan 30 mln dollar qazanmışdı.

Şirkət səhmdarlardan fərqli olaraq, vergi orqanlarına öz xərclərini göstərməklə zərərlə işlədiyini iddia edərək 380 mln dollar vergi ödənişi əldə etmişdir. Enrona ən yaxşı hüquqşünas və mühasiblər işləyirdi, ona görə də şirkətin bütün əməliyyatları qanuni hesab ediləcəyi və ona məhkəmədə bəraət veriləcəyi ehtimalı həddindən artıq böyük idi.

Lakin borclar getdikcə artırdı. Oktyabrda artıq borcları gizlətmək mümkün olmadı və şirkət 640 milyonluq zərər və kapitalın 1,2 mlrd dollar azalması barədə məlumat yayımladı. Bunda baş mühasib təqsirləndirildi. Nəticədə, Enronun səhmləri kəskin şəkildə aşağı düşməyə başladı. 2001-ci ilin dekabrında isə Enron müflisləşdiyini bəyan etdi.

İstintaq nəticəsində aydın oldu ki, şirkətin 15 min əməkdaşının bir milyard dollarlıq təqaüd yığımı məhv olub. Belə ki, Enron bütün bu vəsaitləri öz səhmlərinə yatırıb və hazırda isə həmin səhmlər dəyərsizləşib. Məlum oldu ki, bu faktların örtülməsində şirkətin auditoru olan Arthur Andersen-un da əli var.

arthr

Bu sahənin əsas liderlərindən olan Arthur Andersen planın hazırlanmasında iştirak etsə də, təhlükəni hiss etdikdə şirkətə aid olan çoxlu sayda dəyərli informasiyanı məhv etmişdir. Eləcə də, şirkətin əlaqədə olduğu bəzi iri amerikan bankları da bu işdə əl-bir olmaqda və investorlara yanlış məlumat verməkdə təqsirləndirirlər.

2002-ci ildə amerikan giqant mobil operatoru WorldCom da bankrot oldu. Maraqlısı odur ki, onunda auditor şirkəti Arthur Andersen idi.

Bütün bu proseslər ifşa olunduqdan sonra bir daha təkrarlanmaması üçün beynəlxalq səviyyəli müxtəlif qanun layihələri qəbul olundu. Baxmayaraq ki, artıq COSO modeli fəaliyyət göstərirdi, lakin daha sərt normativlərə ehtiyac yaranmışdı. Yaradılan ən əsas qanun Sarbanes-Oxley (SOX) idi. Sarbanes-Oxley qanun layihəsi 30 iyul 2002-ci ildə ABŞ prezidenti Corc Buş tərəfindən imzalandı. Qanun layihəsini demokrat Pol Sarbeynz və respublikaçı Mayk Oksli işləyib hazırlayıblar. 11 bölmədən ibarət olan Sarbanes-Oxley qanununda auditorların müstəqilliyi, korporativ məsuliyyət, tam maliyyə şəffaflığı, investorlar arası münaqişə, korporativ maliyyə hesabatlığı və s. digər məsələlərə aydınlıq gətirilir.

Bu qanun qiymətli kağızları SEC-də (Qiymətli kağızlar və birjalar üzrə Komitə) qeydiyyatdan keçmiş istənilən şirkət üçün, hansı ölkədən olmasından asılı olmayaraq tətbiq olunur. Xarici şirkətlər üçün heç bir imtiyaz tətbiq olunmurdu, onlar da yerli şirkətlər kimi qanuna tabe olmalı idilər. Düzü, hələ xüsusi hallarda xarici emitentlər üçün hansı güzəştlərin tətbiq olunacağı bəlli deyil.

Xarici auditorlara gəldikdə isə emitentə auditor xidməti göstərən istənilən audit şirkəti bu qanunun, eləcə də ictimai şirkətlərdə auditorlar və mühasiblər üzərində nəzarəti həyata keçirən nəzarət şurasının və SEC-in təsiri altına düşəcək. Qanuna görə hər bir şirkətdə Audit komitəsi fəaliyyət göstərməlidir.

Yuxarıda qeyd edildiyi kimi, 1985-ci ildə qəbul edilmiş COSO (The Committee of Sponsoring Organizations of the Treadway Commission) modeli də fəaliyyət göstərir. Tredvey komissiyasının sponsor təşkilatları komitəsi ABŞ-da könüllü olaraq yaradılmışdır və korporativ idarəetmə üçün tövsiyələrin hazırlanması, iş etikası, maliyyə hesabatı, daxili nəzarət və fırıldaqçılığın qarşısının alınması ilə bağlı məsələlərə baxır. COSO bütün şirkətlər üçün öz idarəetmə sistemlərini qiymətləndirmələri üçün ümumi model kimi çıxış edir. Özündə beş əsas komitəni birləşdirir: AİCPA (Sertifikatlı ictimai mühasiblərin amerikan institutu), AAA (Mühasiblərin amerikan institutu), FEİ (Maliyyə rəhbərlərinin beynəlxalq assosiasiyası), İİA (Daxili auditorlar institutu), İMA (İdarəetmə uçotu üzrə mühasiblərin institutu).
cedvellDaxili auditorların öz işlərində riayət etməli olduqları bir sıra prinsiplər vardır: vicdanlılıq, məxfilik, obyektivlik və peşəkarlıq. Daxili audit ilə daxili nəzarət arasında oxşar xüsusiyyətlər olsa da, onlar fərqlənirlər. Belə ki, daxili audit daxili nəzarətin həyata keçirilməsində köməkçi amil kimi çıxış edir. Daxili nəzarət prosesi, menecerlərin daxili nəzarət mexanizmini hazırlanması, Müşahidə şurası (əsasən də Audit komitəsi) tərəfindən nəzarətin həyata keçirilməsi və kənar auditorların fəaliyyəti qiymətləndirilməsindən ibarətdir.

Daxili nəzarətin əsas məqsədi – əməliyyatların effektivliyi və məhsuldarlığı, maliyyə hesabatlarının etibarlılığı, qanun və qaydalara riayət olunması təşkil edir. Azərbaycanda daxili audit prosesi Mülki məcəllə, Daxili audit haqqında qanun, Sığorta fəaliyyəti haqqında qanun, Banklar haqqında qanun (Banklarda Korporativ İdarəetmə Standartlarının Tətbiqi Qaydaları, Banklarda Daxili Audit standartlarının tətbiqi) ilə tənzimlənir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər