10 C
Baku
Tuesday, November 26, 2024

Amnistiya nədir?

0

Have a Question?

Amnistiya yunan sözü olub, “unutmaq”, “bağışlamaq” mənasını verir. Amnistiya cinayət hadisəsi törətmiş şəxslər barəsində dövlətin iradəsi ilə həyata keçirilən humanist tədbir olub, bir  qayda  olaraq  ölkədə iqtisadi, sosial sahədə əldə olunan görkəmli nailiyyətlər, beynəlxalq aləmdə tarixi əhəmiyyət kəsb edən əlamətdar hadisələrlə bağlı dövlətin ali nümayəndəli orqanı və ya dövlət başçısı tərəfindən qəbul  olunur. Görkəmli  dövlət    ictimai  xadimlərin  yubileyləri  şərəfinə  amnistiya  aktlarının verilməsi hallarına da təsadüf edilir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  95‐ci  maddəsinə  əsasən  amnistiya aktlarının qəbulu Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aid edilmişdir. 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.