12 C
Baku
Wednesday, November 20, 2024

İş yerlərində qadınlara hansı güzəştlər edilməlidir?

0

Have a Question?

Azərbaycan Respublikası Əmək qanunvericiliyində qadınlar üçün bir sıra güzəştlər nəzərdə tutulub. Qadınlara və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. 

Əmək qanunvericiliyində qadınlar üçün nəzərdə tutulmuş digər güzəştlər:

  1. Əmək Məcələsinin 52-ci maddəsinə görə əmək müqaviləsi bağlanılarkən hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti müəyyən edilmir.
  2. Qanunvericiliyə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi işçilərin attestasiyası keçirilə bilər. Əmək məcəlləsinin 66-cı maddəsinə əsasən:  
  • hamilə qadınların;
  • uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadın işçilərin attestasiyası keçirilmir.

Qeyd 1: Qanunvericiliyə əsasən  Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan qadın işçilərin sertifikasiyası da 66-cı maddənin tələblərinə uyğun aparılır.

  1. Əmək qanunvericiliyində uşaqlı qadınlar üçün əlavə məzuniyyətlər nəzərdə tutulmuşdur: (Əmək Məcəlləsi, 117-ci maddə)
  • Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
  • Həmçinin uşaqları övladlığa götürmüş şəxslərin də yuxarıda qeyd olunnan müddətdə əlavə məzuniyyət hüququ vardır.

Qeyd 2: Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

  1. Bioloji valideynlərlə yanaşı, uşaqları övladlığa götürmüş qadınların məzuniyyət hüquqları da Əmək Məcəlləsində öz əksini tapmışdır(Əmək Məcəlləsi. 126-cı maddə)
  • Belə ki, iki aylığadək uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin Əmək Məcəlləsinin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə və 127-ci maddəsində nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
  • Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.
  1. Həmçinin işçilər öz xahişləri ilə də məzuniyyətə çıxa bilərlər.
  • Bu zaman 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilir.

Qeyd 3: 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara əmək məzuniyyəti öz arzuları əsasında onlar üçün əlverişli olan vaxtda verilə bilər.

Hazırladı: Aynur Bağırova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi