11 C
Baku
Monday, November 25, 2024

Kapitallaşma nədir?

0

Have a Question?

Kapitallaşma (və ya bazar dəyəri) – aktivin (şirkət, qiymətli kağız, kriptovalyuta və s.) cari mübadilə kotirovkalarına əsasən hesablanmış dəyəridir.

Qiymətli kağızın kapitallaşması – dövriyyəyə buraxılmış bir qiymətli kağızın (səhm, istiqraz, fyuçers və s.) bazar qiymətidir. Qiymət birjadakı hərrac iştirakçıları tərəfindən müəyyən olunur.

Bir qiymətli kağızın hazırda birjada neçəyə olduğunu bilsək, son aktivin dəyərini asanlıqla hesablaya bilərik. Bununla da, məsələn, bir şirkətin kapitallaşmasını, yəni onun bütün səhmlərinin ümumi dəyərini taparıq. Bunun üçün bir səhmin bazar dəyərini səhmlərin sayına vurmaq lazımdır.

Tutaq ki, şirkət 100 min səhm buraxdı və indi onların hər biri 20 AZN-ə satılır, bu halda şirkətin bazar kapitallaşması 2 000 000 AZN olacaq. Lakin sonra xəbər gəldi ki, səhmdar cəmiyyətin direktorları dələduzluqda şübhəli bilinirlər. Ertəsi gün bu şirkətin səhmlərini alan şəxslər təcili olaraq onlardan qurtulmağa başladı və bazarda qiymətli kağızların qiyməti 10 AZN-ə düşdü. Bu o deməkdir ki, şirkətin kapitallaşması yarıbayarı azaldı.

Başqa sözlə desək, bir şirkətin bazar kapitallaşması şirkəti cari səhm qiymətinə almaq üçün tələb olunan məbləğdir.

İstənilən bazarda satılan bütün qiymətli kağızların bazar dəyərini toplasaq, həmin fond bazarının bazar kapitallaşmasını əldə etmiş olarıq.

Nüanslar

Bazar kapitallaşması şirkətlərin dəyərini müqayisə etməyə, o cümlədən maliyyə hesabatlarına daxil olmadan onun maliyyə vəziyyətini qısa zamanda qiymətləndirməyə imkan verir.

Şirkətlərin kapitallaşması aşağı, orta və yüksək olaraq üç növə bölünür. Məsələn, ABŞ-ın “Morningstar” agentliyi 5000 ən böyük Amerika şirkətinin kapitallaşmasını hesablayır. Şirkətlərin cəmi 5 faizi reytinqin yuxarı pilləsində yer alır və kapitallaşması yüksək olaraq qiymətləndirilir.

Fakt

Bazar kapitallaşması ilə yanaşı, əmanət üzrə faizlərin kapitallaşması da var. Bu halda bank hesablanmış faizləri hər ay, yarım ildən və ya bir ildən bir, yaxud müqavilə ilə müəyyən edilmiş müddətdə əlavə edir.

Məsələn, əmanətçi faizlərin kapitallaşması ilə illik 10 faizlə 2 il müddətinə 500 AZN əmanət qoydu. Bu o deməkdir ki, bir il ərzində əmanət sahibi investisiyaların məbləğinə +10 faiz, yəni 550 AZN-ə sahib olacaq. Növbəti il bu məbləğin üstünə daha 10 faiz gələcək: 550 + 55 = 605 AZN. Üçüncü ildə alınan məbləğ yenidən 10 faiz artacaq və nəticədə əmanətçi 665.5 AZN əldə edəcək.