11 C
Baku
Tuesday, November 19, 2024

Müddətsiz istiqraz nədir?

0

Have a Question?

Mətbuatda müddətsiz istiqrazlara “əbədi istiqrazlar” da deyirlər. Müddətsiz istiqrazlar – müəyyən faiz nisbətində gəlir götürmək hüququnu verən borc qiymətli kağızlardır, geri ödənilmə müddətinə malik deyillər. Müddətsiz istiqraz almış investor məhdudiyyəti olmayan müddət ərzində faiz nisbətində gəlir götürmək (kupon) və ya istiqrazı digər investora satmaq imkanını əldə edir. Çox vaxt müddətsiz istiqrazların emitenti (bank, dövlət və ya şirkət), müəyyən müddətdən sonra (məsələn, 10 ildən sonra) onların məcburi ödənilməsi şərtini də müəyyən edir.

Müddətsiz istiqrazlar bazarda imtiyazlı səhmlər və adi uzunmüddətli istiqrazlar arasında aralıq mövqe tutur. Bir tərəfdən, səhmlərdə olduğu kimi, emitent investorun yatırımlarını qaytarmağa borcu deyildir. Digər tərəfdən, adi istiqrazlarda olduğu kimi, müddətsiz istiqrazlar üzrə sabit və əvvəlcədən bilinən, emitentin qazancından və ya digər fəaliyyət göstəricilərindən asılı olmayan gəlir ödənilir. Banklar müddətsiz istiqrazlarda maraqlıdırlar, çünki alınan vəsait birinci və ya ikinci səviyyəli kapitala daxil edilə bilər.

İlk müddətsiz öhdəliklər (konsollar, “konsollaşdırılmış borc”) İngiltərə Bankı tərəfindən 1753-cü ildə buraxılmışdı. 1923-cü ildən bu qiymətli kağızlar Parlamentin qərarı ilə istənilən vaxt geri alına bilər. O vaxtdan bəri bir çox dövlət, bank və şirkət faiz dərəcələrinin aşağı salınması dövründə belə istiqrazlar buraxıb, onlar arasında Çin, Filippin, Meksika, ABŞ və Almaniyanın dəmir yolu şirkətləri və sığorta şirkətləri var.

Qeyri-adi olmasına baxmayaraq, əbədi istiqrazlar investoru ənənəvi risklərdən qorumur: emitent müflis olduğu halda onlar adi istiqrazlarla eyni hüquqlar verirlər.